XİN rəsmisi: "Onların Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir"

XİN rəsmisi: "Onların Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir" "I Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir"
Xarici siyasət
4 İyun , 2015 11:41
XİN rəsmisi: Onların Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muzinieksin, BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovicin “Opendemocracy” internet portalında iyunun 3-də dərc edilən məqaləsinə münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında deyib ki, bu şəxslər təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək, Azərbaycana qarşı ilk Avropa Oyunları ərəfəsində bəzi dairələr tərəfindən sifarişli əsasda aparılan qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyyət göstərirlər: "Bu əməlləri ilə sözügedən şəxslər təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut edirlər".

XİN rəsmisi bildirib ki, idman və mahiyyət etibarilə, I Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir: "Bu xüsusda, BMT Baş Assambleyasının 69-cu sessiyasında 31 oktyabr 2014-cü ildə qəbul edilmiş A/RES/69/6 saylı və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı qətnamədə ilk Avropa Oyunlarının kəsb etdiyi əhəmiyyət xüsusi olaraq vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir.

Təəssüflər olsun ki, insan hüquqlarının müdafiəsindən danışıldığı halda, bu şəxslər tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində İnsan hüquqlarına dair Bəyannamədə öz əksini tapmış ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə cəsarət tapılmır".

Son xəbərlər

Orphus sistemi