​Səfir: "Latviya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib" - MÜSAHİBƏ

​Səfir: "Latviya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib" - MÜSAHİBƏ "Şərq tərəfdaşlıq proqramı hər bir layihə iştirakçısının maraqlarına cavab verməlidir"
Xarici siyasət
19 Dekabr , 2014 11:36
​Səfir: Latviya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - MÜSAHİBƏ

Bakı. 19 dekabr. REPORT.AZ/ Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisin "Report"a müsahibəsi

- Cənab səfir, Latviya 2015-ci ildən Avropa Birliyinə sədrlik edəcək. Sədrlik dövründə Latviya qarşısında hansı prioritet məsələlər duracaq?

- Bizim sədrlik dövrümüzdə qarşımızda əsas üç məsələ duracaq. Birinci məsələ rəqabətə davamlı Avropaya nail olmaq, ikincisi - digital, yəni, rəqəmsal Avropa yaratmaq. Üçüncü prioritet məsələ isə Avropanı dünyaya təqdim etmək məsələsidir.

İndi isə bu məsələlər haqqında bir qədər ətraflı danışmaq istərdim. Birinci prioritet məsələ özündə Avropaya investisiyaların cəlb olunması, "Avropa-2020" strategiyasının yenidən işlənməsi, Avropanın vahid bazarının möhkəmləndirilməsi, enerji ittifaqının inkişafı, rəqabətə davamlılıq, həmçinin Avropanın inkişafına yönəlmiş digər məsələrin həlli daxildir. Əlbəttə ki, buraya humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi də daxildir.

İkinci prioritet məsələyə gəldikdə, burada ilk olaraq kompüter sahəsində təhlükəsizliyin təmin olunması yer alır, həmçinin vahid rəqəmsal bazarın yaradılması və əsasən də bütün məsələlərin rəqəmsal həlli yollarına üstünlüyün verilməsidir.

Üçüncü məsələdə isə, yəni dünya Avropanı necə görür məsələsinə münasibətdə biz əsasən, Avropanın qonşuları ilə bütün sahələrdə, o cümlədən, ticarət əlaqələrinin genişləndirilməsi, miqrasiya məsələləri və təbii ki, Avropanın təhlükəsizliyi və AB genişləndirilməsi problemləri ilə də məşğul olacağıq.

- Hazırda Avropa qarşısında duran çağırışlardan biri də Ukraynanın şərqindəki vəziyyətlə bağlıdır. Sədrlik dövründə Latviya bununla necə mübarizə aparmaq niyyətindədir?

- Bu çağırışlar bir-birini qarşılıqlı tamamlayırlar. Əgər biz dünyada daha baxımlı görünmək istəyiriksə, daxilən daha kamilləşməliyik və müəyyən dəyişiklikləri eləməliyik. Avropanın rəqabətə davamlı olması da məhz bununla bağlıdır. Bunun üçün isə informasiya texnologiyalarını təkmilləşdirmək vacibdir. Bu haqda mən artıq demişdim. Ukrayna məsələsinə gəldikdə isə onu demək istərdim ki, biz bu ölkənin ərazi bütövlüyünü, onun bu istiqamətdəki səylərini tam dəstəkləyir və Rusiyaya qarşı tətbiq olunan və hazırda davam edən sanksiyaların tərəfdarıyıq. Bundan əlavə, Latviya gələcəkdə AB sədri kimi, birliyin bütün üzvləri ilə birlikdə Avropada təhlükəsizlik siyasətinin korreksiya olunmasında iştirak edir və gələn ildən isə bütün qrupların işində daha yaxından iştirak edəcəyik.

- Azərbaycanla AB arasında münasibətlərin möhkəmlənməsinə Latviya hansı köməkliyi göstərə bilər?

- Biz Azərbaycanla AB arasındakı müxtəlif sahələri əhatə edən dialoqu çox diqqətlə izləyirik. Və bəzi hallarda, məsələn, insan hüquq və azadlıqları sahəsindəki uğursuz dialoq bizi çox narahat edir. Biz öz növbəmizdə, sizi və sizin mövqeyinizi daha da yaxından başa düşməyə çalışırıq. Biz AB-də sizin məsləhətçiniz və vəkiliniz kimi çıxış edə bilərik.

- Latviya Şərq Əməkdaşlığı Proqramı ilə bağlı hansı prioritet məsələlərin həllini nəzərdə tutur? 2015-ci ildə Riqada baş tutacaq Şərq Əməkdaşlığı Sammitinin proqramı haqqında nə deyə bilərsiniz?

- Şərq Əməkdaşlığı Sammiti 21-22 may tarixlərində Riqada keçiriləcək və biz burada dövlət başçılarının iştirak edəcəyini gözləyirik. Sammitin proqramı üzərində hazırda iş gedir və bu hələ tamamlanmamış sənəddir. Şərq Əməkdaşlığı Proqramı - AB və altı ölkə ilə əməkdaşlığın vacib bir vasitəsi kimi hələ böyük potensiala malikdir. Biz öz tərəfimizdən hesab edirik ki, Şərq Tərəfdaşlıq Proqramı dəyişilən olmalıdır və hər bir layihə iştirakçısının maraqlarına cavab verməlidir.

- Uzun müddət hər iki ölkələrimizin vahid dövlətin tərkibində olması bizim bir-birimizin problemlərimizdən daha yaxın xəbərdar olmağımıza səbəb olur. Bu baxımdan, Latviyanın sədrliyi dövründə o Dağlıq Qarabağ probleminin həllinə necə yardım edə bilər?

- Latviya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və mən belə düşünürəm ki, bu işi Minsk qrupu formatında davam etdirmək lazımdır.

- Bizim ikitərəfli əlaqələrimiz haqqında nə deyə bilərsiniz? Bu əlaqələrin səviyyəsi Sizi qane edirmi?

- İkitərəfli əlaqələrin səviyyəsi, demək olar ki, əla vəziyyətdədir. Bunu bütün səviyyələrdəki əlaqələrə şamil etmək olar, o cümlədən, prezidentlər səviyyəsində də. Belə əməkdaşlıq yalnız nazirliklər və idarələr arasında deyil, həmçinin də yerli icra orqanları səviyyəsində də mövcüddur. Belə ki, regionlarımız arasında 12 əməkdaşlıq sazişi imzalanıb.

- Ölkələrimiz arasındakı əmtəə mübadiləsi haqqında nə deyə bilərsiniz?

- Əmtəə mübadiləsi ildən-ilə stabil olaraq qalır. Bu təxminən 30 milyon avro təşkil edir. Burada müsbət saldo Latviyanın tərəfindədir. Bu sabitliyə təsir edən amillərdən biri də ölkələrimiz arasındakı məsafənin uzaq olmasıdır. Belə uzaq məsafəyə aparılması mümkün olar məhsulları tapmaq asan deyil.

- Əlaqələrin inkişafı üçün nə kimi tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

-Konkret bir plan yoxdur. Lakin hadisələri qabaqlayaraq onu deyə bilərəm ki, biz gərək iri birgə müəssisələr yaradaq. Və bu müəssisələrdə bizim texnika və mütəxəssislər istifadə oluna bilər, həmçinin burada istehsal olunan məhsullar qiymətləri ilə alıcıları cəlb etməlidir.

- Turizm sahəsimdəki əlaqələrimiz haqqında nə deyə bilərsiniz?

- Təəssüflər olsun ki, məndə Latviyadan Azərbaycana nə qədər turist gəldiyi haqqında məlumat yoxdur. Azərbaycandan Latviyaya gedənlərin sayını bilirəm. Belə ki, il ərzində müxtəlif səbəblərdən Latviyaya 600-700 Azərbaycan vətəndaşı gedir. Bu say stabil olaraq qalır və mən hesab edirəm ki, bu sahədəki potensial hələ tükənməyib. Bizim turizm və avia şirkətlərimiz daha çox çalışmalıdırlar. Onlar daha çox informasiya təqdim etməlidirlər, seminarlar və sairə bu kimi tədbirlər keçirməlidir. Bütün bunlar isə öz əksini internetdə və çap olunmuş halda tapmalıdır. Bundan əlavə, Bakı və Riqa arasında il boyu avia reyslərin təşkilini də həyata keçirmək lazımdır. Hazırda bu uçuşlar mövsümü xarakter daşıyır və may ayının sonundan sentyabrın sonuna kimi davam edir.

- Nəqliyyat sahəsində Latviya və Azərbaycan necə əməkdaşlıq etmək niyyətindədirlər?

- Bu sahədə bizim nazirlər və nazirliklər arasında tez-tez görüşlər keçirilir. Sevindirici haldır ki, Latviya-Azərbaycan dövlətlərarası komissiyanın həmsədrləri məhz nəqliyyat nazirləridir. Onlar arasında çox gözəl əlaqələr var və gələn il iqtisadi əlaqələrimizin səviyyəsini və gələcək inkişaf perspektivlərini müəyyən etmək üçün gərək bu komissiyanın növbəti 6-cı iclasını keçirək. Nəqliyyat sahəsindəki əməkdaşlıq çərçivəsində bizi Ələt qəsəbəsində tikilən liman, avianəqliyyat daşımaları, Bakı-Tbilisi-Qars dəmir yolu və İranla Azərbaycanı birləşdirən Xəzər ətrafı inşa olunacaq dəmir yolu kimi layihələr maraqlandırır.

- Yaxın müddətdə qarşılıqlı səfərlər gözlənilirmi?

- Qeyd etmək istərdim ki, bizim AB sədrliyi dövründə Latviyada 10-dan artıq müxtəlif səviyyələrdə görüşlər keçiriləcək. Bunlardan birincisi 2015-ci il yanvarın sonlarında baş tutacaq. Bu AB və Şərq tərəfdaşlıq proqramı iştirakçıları olan 6 ölkənin ədliyyə və daxili işlər nazirlərinin görüşü olacaq. Bundan əlavə biz əməkdaşlıq çərçivəsində ikitərəfli səfərlərin baş tutması üçün də səy göstərəcəyik.

Son xəbərlər

Orphus sistemi