Səfir: "ABŞ Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir"

Səfir: "ABŞ Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir" Bakıda ABŞ-ın Müstəqillik günü qeyd olunub
Xarici siyasət
1 İyul , 2016 19:58
Səfir: ABŞ Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir

Bakı. 1 iyul. REPORT.AZ/ "ABŞ güclü, müstəqil və demokratik dövlət olan Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir". 

"Report"un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə deyib. 

Səfir xatırladıb ki, ABŞ Azərbaycanı 1991-ci ildə müstəqilliyini elan edərkən dəstəkləyib. O deyib ki, Azərbaycan və ABŞ hərbçiləri Əfqanıstan, Kosova və İraqda sülhməramlı missiyalarda çiyin-çiyinə iştirak ediblər. 

R.Sekuta qeyd edib ki, ABŞ 1993-cü ildə Azərbaycana 1.3 mlrd. dollar həcmində humanitar yardım da daxil olmaqla köməklik göstərib. 

"Bu ilin mart ayında Azərbaycan Prezidentinin ABŞ-a səfəri iki ölkə arasında mövcud olan münasibətlərin inkişafına öz töhfəsini verəcək", - deyə səfir vurğulayıb. 

Öz növbəsində, Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-ı Müstəqillik günü münasibəti ilə təbrik edib və qeyd edib ki, iki ölkə iqtisadiyyat, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində münasibətlərini inkişaf etdirir. 

Nazir bir neçə gün əvvəl İstanbul aeroportunda törədilmiş terror aktını xatırladaraq, beynəlxalq ictimaiyyəti bu cür əməllərə qarşı birgə və məqsədyönlü addımlar atmağa çağırıb.

Həmçinin, S.Şərifov ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması və regionda sülhün bərqərar olması üçün səylərini artıracağına ümidvar olduğunu bildirib.  

Son xəbərlər

Orphus sistemi