Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.
"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.
Həmçinin yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.
Əhməd Davudoğlu dövlət başçısına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırıb.
İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.