Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib

Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecə
Xarici siyasət
9 May , 2024 11:06
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbirdə Rusiya Dövlət Dumasının deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) fəalları və Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.

Xatirə gecəsinin qonaqlarına “Şərqi Sibir həqiqəti” qəzetinin əməkdaşı Valeri Karasevin fotolarını nümayiş etdirən fotosərgi təqdim olunub.

Tədbirdə çıxış edən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev 1990-cı illərin birinci yarısındakı inanılmaz təlatümlər dövründə ölkəsini xilas edib.

“O, həmçinin bütünlükdə SSRİ üçün də çox işlər görüb. Onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və ondan əvvəl isə Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, sonra isə rəhbər kimi fəaliyyətini qiymətləndirməmək olmaz”, - o deyib.

M.Şvıdkoy həmçinin vurğulayıb ki, müasir Azərbaycan öz ölkəsinin mənafeyinə uyğun müstəqil siyasət aparır: “Bu da Heydər Əliyevin düzgün təməl qoyduğunun təsdiqidir”.

Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Leonid Slutski müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinin Rusiyada anıldığını və ehtiramla yad edildiyini bildirib. O qeyd edib ki, bugünlərdə 50 illiyi qeyd edilən Baykal-Amur magistral xəttinin tikintisi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Deputat əlavə edib ki, müasir Azərbaycan Rusiyanın ən etibarlı tərəfdaşıdır. “Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında konstruktiv, çoxşaxəli qarşılıqlı fəaliyyətin əsasını qoyub. Azərbaycan çox yaxın gələcəkdə daha çox şeyə nail olacaq. O, artıq çox şeyə nail olub. Bu, Azərbaycan xalqının əzmkarlığının və gərgin əməyinin nəticəsidir”, - L.Slutski bildirib.

Tədbirdə TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar jurnalisti Mixail Qusmanın “İlham Əliyev: 20 il sonra” sənədli filmi nümayiş etdirilib.

Gecə konsert proqramı və furşet ilə davam edib.

Son xəbərlər

Orphus sistemi