Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi anılıb

Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi anılıb Rusiya paytaxtı Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində 20-ci əsrin əvvəllərində yaşamış məşhur azərbaycanlı sənayeçi və xeyriyyəçi, Rusiya İmperiyasının Dövlət müşaviri Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib.
Xarici siyasət
20 Aprel , 2024 16:53
Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi anılıb

Rusiya paytaxtı Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində 20-ci əsrin əvvəllərində yaşamış məşhur azərbaycanlı sənayeçi və xeyriyyəçi, Rusiya İmperiyasının Dövlət müşaviri Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, gecəni muzeyin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov açaraq bəşər tarixində messenatlığın və xeyriyyəçiliyin həmişə nəcib əməl kimi qiymətləndirildiyini bildirib.

Həkim-kardioloq, tibb elmləri doktoru, professor Mehman Məmmədov azərbaycanlıların yaddaşında dərin iz qoyan Tağıyevin xeyriyyəçilik fəaliyyətini bölüşüb: “Tağıyev çoxşaxəli xeyriyyəçilik və maarifçilik fəaliyyəti ilə tanınırdı. Perspektivli tələbələrin Avropa universitetlərində təhsil almasını maliyyələşdirirdi. Onların bəziləri sonradan Şərqdə ilk demokratik dövlətin yaradıcıları oldular”.

O, həmçinin bakılı milyonerin həyat və yaradıcılığına həsr olunmuş “Əsrlər boyu nəciblik” kitabını da təqdim edib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev tədbirin təşkilatçılarına, səfir Polad Bülbüloğluna təşəkkür sözlərini çatdırıb, Zeynalabdin Tağıyevin xatirəsinin Azərbaycanda müqəddəs şəkildə ehtiramla anıldığını qeyd edib, Prezident İlham Əliyevin sərəncamına əsasən, Bakıda xeyriyyəçinin abidəsinin açılışı olduğunu vurğulayıb.

“Bu gün Azərbaycanda xeyriyyəçilik fəaliyyətinin layiqli davamçısı Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondudur”, - deyə diplomat bildirib.

Muzeyin direktor müavini İlya Zaytsev Hacı Zeynalabdin Tağıyevin Rusiya imperiyasındakı rolundan danışıb: “O, Rusiya imperiyasının inkişafına təsir edən bir insan idi. O, təkcə azərbaycanlıların, müsəlmanların deyil, həm də digər millətlərin və dinlərin nümayəndələrinin də qayğısına qalırdı. Tağıyev müxtəlif xalqların nümayəndələrinə təhsil almaq imkanı verib. Onun fəaliyyəti xüsusilə Şimali Qafqaz xalqlarının maariflənməsinə yönəlmişdi”.

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı tədbirə onlayn rejimdə qoşulub, general Balakişi Ərəblinskinin nəslindən olan professor Andrey Ərəblinski, jurnalist Azər Cangirov, keşiş, Moskva Dilçilik Universitetinin ilahiyyat kafedrasının dosenti Dmitri Safonov və başqaları böyük xeyriyyəçi haqqında mühazirələrlə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi