Meksika səfiri Mingəçevir şəhərində olub

Meksika səfiri Mingəçevir şəhərində olub Əlaqələrin qurulması və əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət
12 May , 2016 19:41
Meksika səfiri Mingəçevir şəhərində olub

Bakı. 12 may. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Mingəçevir şəhərinə səfər edib.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfər çərçivəsində meksikalı diplomat Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşüb.

Görüşdə icra başçısı şəhərin tarixi və əsas sənaye istiqamətləri barədə məlumat verib.

Səfir öz növbəsində ikitərəfli münasibətlərin inkişafı dinamikasından söz açıb, səfirliyin ölkənin yalnız paytaxtı ilə yox, bütün regionları ilə əməkdaşlığa yönələn fəaliyyətinə toxunub.

Diplomat həmçinin Meksika iqtisadiyyatının vacib göstəricilərini diqqətə çatdıraraq ölkəsinin mədəniyyəti və turizmin inkişafından danışıb. Qeyd olunub ki, turizm Meksikanın milli iqtisadi sisteminin önəmli hissəsidir. Bu xüsusda, səfir R.Labardini vurğulayıb ki, ölkəsində mədəniyyəti, mətbəxi, adətləri, qədim, müstəmləkə və müasir dövrlərə aid abidələri ilə seçilən “Sehrli kəndlər” var və onlar turistləri cəlb edən bir yerə çevriliblər.

Görüşün sonunda tərəflər iqtisadiyyat, mədəniyyət, turizm və təhsil sahələri daxil olmaqla, bir çox istiqamətlər üzrə əlaqələrin qurulması və əməkdaşlığın gələcək inkişafı barədə arzularını ifadə ediblər.

Səfər çərçivəsində səfir Labardini Mingəçevir Dövlət Universiteti və Tarix Muzeyini ziyarət edib.

Son xəbərlər

Orphus sistemi