​Fransa səfiri: “İslamın terrorizmlə heç bir əlaqəsi yoxdur” - MÜSAHİBƏ

​Fransa səfiri: “İslamın terrorizmlə heç bir əlaqəsi yoxdur” - MÜSAHİBƏ "Azərbaycan hökuməti bizim təhlükəsizliyimizin yüksək səviyyədə təmin olunması üçün tədbirlər görüb”
Xarici siyasət
31 Yanvar , 2015 14:58
​Fransa səfiri: “İslamın terrorizmlə heç bir əlaqəsi yoxdur” - MÜSAHİBƏ

Bakı. 31 yanvar. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Paskal Mönyenin “Report” informasiya agentliyinə müsahibəsi

- “Charlie Hebdo” jurnalının redaksiyasında törədilən terror aktından sonra Fransa hökumətinin miqrantlara qarşı siyasəti nə dərəcədə dəyişə bilər?

- Fransada iki istiqamətdə tədbirlər görüləcək.

Ən mühüm tədbirlərdən biri təhsil ilə bağlıdır. Fransızlar anlamalıdırlar ki, baş verən hadisə məhz Fransa vətəndaşları tərəfindən törədilib. Onların əksəriyyəti, ehtimal ki, frustrasiya vəziyyətindədir, təhsil almayıb və çox güman ki, uşaqlıqları ağır şəraitdə keçib. Məhz belə insanlar sosial şəbəkələr vasitəsilə fanatizm təbliğatının qurbanlarına çevrilirlər.

Biz etiraf etməliyik ki, təhsil sahəsindəki siyasətimiz bu kimi halların qarşısını almaq üçün kifayət qədər effektiv olmayıb. Bu, bir o qədər də asan iş deyil, çünki həmin insanlar adətən pis şəraitdə yaşayan ailələrdən olurlar: onlar heç də qənaətbəxş sayıla biləcək şəraitdə yaşamayıblar, çox zaman narkotik aludəçilərinin əhatəsində olub və təhsilə bir o qədər də fikir verməyiblər. Onların yaşadığı mühit normal təhsil almaq üçün əlverişli deyil. Beləliklə, biz bu kateqoriyadan olan insanların qeyd edilən sahədəki problemlərinin həllinə yönələn bəzi tədbirləri görməliyik.

İkincisi, biz məktəblərdə humanitar və sosial yönümlü tədrisi möhkəmləndirməli, dinlər və fanatizm arasındakı fərqlər haqqında gəncləri məlumatlandırmalıyıq. Gənc qızlar və qadınlar da daxil olmaqla, stabilliyi pozmaq istəyən qüvvələr gəncləri İnternet vasitəsilə öz çirkin işlərinə cəlb edir və aldadırlar. Onlar da Suriyaya gedərək, nə ilə üzləşəcəklərini dəqiq bilmədən, radikal hərəkatlara qoşulurlar.

Biz, həmçinin özümüzü müdafiə etmək üçün müəyyən digər tədbirlər də görməliyik. Terror aktlarından sonra hökumət bütün ölkə ərazisində polisə yardım etmək üçün əlavə olaraq böyük sayda qüvvə göndərib. Əlbəttə ki, belə tədbirlər uzunmüddətli ola bilməz, lakin bu, Fransada hazırkı vəziyyətdə böhranının qarşısını almağa kömək etdi. Çünki terrorçuların hücumları cəmiyyətdəki sabitlliyi xeyli pozdu. Təhlükəsizlik və azadlıq arasında düzgün balans tapmaq çox vacibdir. Biz azadlığın olmadığı yerdə yaşaya bilmərik.

Beləliklə, biz daha təsirli tədbirlərin görülməsinə və bu tədbirlərin insanların əsas azadlıqlarına təsir etməməsinə çalışırıq. Məsələn, həbsxanalarda digər dustaqlara təsir göstərə bilməmələri üçün terrorçuların onlardan təcrid olunması planlaşdırılır.

Azərbaycanda olduğu kimi, bizdə də Suriyaya və İraqa döyüşməyə gedən gənclərin geri qayıtması ilə bağlı müəyyən narahatlıq var. Bu insanlar Fransaya qayıtdığı zaman mühakimə olunacaqlar. Biz terrorizmin Fransaya qayıtmasına yol verə bilmərik.

- Bu yaxınlarda baş verən terror aktları Fransada yaşayan müsəlman əhalisinə təsir edəcəkmi?

- Fransada müsəlman icması və onun liderləri bu məsələdə çox həssas davrandılar. Onlar bildirdilər ki, terror aktlarını qınayırlar və bu aktların islamla heç bir əlaqəsi yoxdur. Fransada və digər ölkələrdə verilən bu cür bəyanatlar böyük əhəmiyyət kəsb edir. Əsl iman gətirən müsəlmanlar dərk etməlidirlər ki, cəmiyyətimizdəki bütün insanlar islamın terrorizmlə heç bir əlaqəsinin olmadığını yaxşı başa düşür və guya islam şüarları altında qanunsuz hərəkətlər edənlər isə sadəcə olaraq fanatiklərdir. Hökumətimiz bəyan edib ki, Mali kimi terrorizm nəticəsində sabitliyi pozulan ölkələrə qoşun yerləşdirilməsi, sülh və qarşılıqlı hörmət dini olan islam dininə etiqad edən həqiqi müsəlmanları qorumaq məqsədi daşıyır.

Biz idman, məktəb, təhsil vasitəsilə müxtəlif dinlərə mənsub olan insanlar arasında dostluq və  əməkdaşlıq əlaqələrini möhkəmləndirməliyik.

Bu, elə də asan iş deyil, bunu həm də sözü gedən icmalar və bütövlükdə cəmiyyət istəməlidir, çünki hökumət onların əvəzinə bu işi görə bilməz. 

- Parisdəki terror aktlarından sonra Fransa səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib?

- Hücum baş verdikdən dərhal sonra Azərbaycan hökuməti bizim təhlükəsizliyimizin möhkəmləndirilməsi üçün tədbirlər görüb. Yanvarın 15-də Parisdən qayıtdığım zaman səfirlik 4 polis mühafizəçisi tərəfindən qorunurdu. Həmin zaman biz hökumətə müraciət etdik ki, yalnız səfirliyin deyil, Bakıdakı Fransa məktəbi də daxil olmaqla, digər binalarımızın mühafizəsi də təmin olunsun. Bizim xahişimiz yerinə yetirildi və mən buna görə öz minnətdarlığımı bildirirəm. Biz özümüzü təhlükəsizlikdə hiss edirik və heç bir problemlə qarşılaşmamışıq. "Charlie Hebdo" jurnalının yeni sayı çıxdıqdan sonra səfirliyin qarşısında kiçik nümayiş keçirilib.

Mənə həmçinin məlumat verdilər ki, nümayiş aksiyası Nardaran qəsəbəsində də keçirilib, Fransa, ABŞ və İsrailin bayraqları yandırılıb.

Bunu şərh edərkən, mən bilidirim ki, söz və fikir azadlığı bizim üçün müqəddəs prinsiplərdəndir. Buna görə də hər hansı bir jurnalın dərc etdiyi materiala etiraz etmək istəyən şəxslərə qarşı heç bir mənfi münasibət ola bilməz. İnsanlar öz narazılığını nümayiş etdirə bilər, lakin zorakılıq yolverilməzdir. Fransada biz söz azadlığı, din azadlığı və cinayətlərə fərq qoyuruq. Bizim üçün öz fikrini sərbəst şəkildə ifadə etmək və söz azadlığı anlayışına dinə parodiyaların edilməsi də daxildir. Fransada bu cinayət sayılmır. Əks təqdirdə bu artıq mövcud mexanizmə müdaxilə kimi qiymətləndirilərdi və söz azadlığı prinsipinə ciddi təsir edərdi.  

Son xəbərlər

Orphus sistemi