Çexiyanın Azərbaycandakı səfirliyi Bakıda Viza Mərkəzi açacaq

Çexiyanın Azərbaycandakı səfirliyi Bakıda Viza Mərkəzi açacaq Aprelin 27-dən başlayaraq sənədlərin qəbulu yalnız qeydiyyata düşənlər üçün mümkün olacaq
Xarici siyasət
2 Aprel , 2015 11:17
Çexiyanın Azərbaycandakı səfirliyi Bakıda Viza Mərkəzi açacaq

Bakı. 2 aprel. REPORT.AZ/ Çexiyanın Azərbaycandakı səfirliyi viza üçün sənədlərin verilməsi prosesində ediləcək dəyişikliklərlə, eyni zamanda Azərbaycan və xarici vətəndaşlara xidmətini daha da təkmilləşdirmək məqsədi ilə aprelin 27-də Bakıda Viza Mərkəzi açacaq. Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Aprelin 6-dan başlayaraq viza üçün sənədləri həm Viza Mərkəzində, həm də Çexiya səfirliyinin Konsulluq şöbəsində yalnız ilkin qeydiyyata düşməklə təqdim etmək mümkün olacaq. Qeydiyyat bazar ertəsi - cümə günlərində saat 09.00-dan - 13.00-dək və 14.00-dan - 16.00-dək aşağıda göstərilən telefon nömrəsi ilə keçiriləcək. (tel.: +994 12 404 76 38).

Aprelin 27-dən başlayaraq sənədlərin qəbulu ancaq qeydiyyata düşənlər üçün mümkün olacaq. Bu tarixdən etibarən qeydiyyata düşməyən şəxslərin sənədləri Çexiya səfirliyinin Konsulluq şöbəsində və həmçinin Viza Mərkəzində qəbul edilməyəcək.

Viza mərkəzi Bakı şəhəri, Xocalı prospekti 37, Demirçi Tower, 2-ci mərtəbə ünvanında yerləşəcək.

Sənədlərin qəbulu bazar ertəsi-cümə saat 09.00-dan – 16.00-dək keçiriləcək. Pasportların verilməsi bazar ertəsi-cümə saat 11.00-dan – 17.00-dək keçiriləcək (nahar fasiləsi: saat 13.00-dan – 14.00-dək).

Viza mərkəzi yalnız qısamüddətli şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və notarial xidmətlər (sənədlərin, imzaların təsdiqlənməsi və s.) əvvəllər olduğu kimi yalnız Çexiya səfirliyinin Konsulluq şöbəsində həyata keçiriləcək.

Viza mərkəzinin rəsmi saytı: www.vfsglobal.com

Son xəbərlər

Orphus sistemi