Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərinə yeni təyin olunmuş baş konsulu konsul patentini Gürcüstan xarici işlər nazirinin müavininə təqdim edib.
"Report" xəbər verir ki, Qiqi Qiqiadze və Rəşad İsmayılov arasında görüş sentyabrın 23-də baş tutub.
Görüşdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyin də iştirak edib.
Qiqi Qiqiadze Rəşad İsmayılovu Batumiyə baş konsul vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib və gələcək işində ona uğurlar arzulayıb.
Görüş zamanı nazir müavini Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin xüsusi əhəmiyyətini qeyd edib. Həmçinin bildirilib ki, ölkələr arasında münasibətlər bütün istiqamətlər üzrə olduqca məhsuldar inkişaf edir.
Görüşün sonunda tərəflər Gürcüstan və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə maksimum dərəcədə yardım etməyə hazır olduqlarını ifadə ediblər.