Azərbaycan Prezidenti İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib İlham Əliyev: "Azərbaycanla İsveçrə arasında mövcud olan möhkəm əməkdaşlıq son illər ərzində daha da inkişaf edib"
Xarici siyasət
20 Oktyabr , 2015 16:20
Azərbaycan Prezidenti İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev oktyabrın 20-də İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, Filip Ştalder etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanla İsveçrə arasında mövcud olan möhkəm əməkdaşlığın son illər ərzində daha da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələri əhatə etdiyini məmnunluqla diqqətə çatdırıb. Dövlət başçısı İsveçrə prezidentlərinin Azərbaycana, həmçinin özünün İsveçrəyə rəsmi səfərlərinə toxunaraq yüksək səviyyəli qarşılıqlı təmasların və Xarici İşlər nazirlikləri arasında aparılan fəal dialoqun önəmini vurğulayıb. İqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunduğunu bildirən Prezident İlham Əliyev bunu ölkələr arasında mövcud olan hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı hər iki ölkənin Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində də uğurla əməkdaşlıq etdiyini deyib. İki ölkənin mövcud qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edən Prezident İlham Əliyev qarşıdakı illərdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı səfir Filip Ştalderə gələcək fəaliyyətində uğurlar arzulayıb, onun ölkəmizdəki fəaliyyətinin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəl görünüşünün onda dərin təəssürat yaratdığını deyən səfir Filip Ştalder nəinki İsveçrə, həmçinin bütün qitə üçün Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını qeyd edib. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Filip Ştalder ölkəmizdəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi