Komissiya sədri "Sovetski"dəki azkvadratlı mənzillərə ödəniləcək vəsaitlə bağlı məsələyə aydınlıq gətirib

Komissiya sədri "Sovetski"dəki azkvadratlı mənzillərə ödəniləcək vəsaitlə bağlı məsələyə aydınlıq gətirib Bu günədək 2 340 yaşayış və qeyri-yaşayış sahəsinin sahibi ilə razılaşma protokolu imzalanıb, həmin mənzil və obyektlərdən 2 314-ü sökülüb
Sosial müdafiə
22 Aprel , 2015 10:20
Komissiya sədri Sovetskidəki azkvadratlı mənzillərə ödəniləcək vəsaitlə bağlı məsələyə aydınlıq gətirib

Bakı. 22 aprel. REPORT.AZ/ "Köçürmə Komissiyası Bakının "Sovetski" məhəlləsindəki sahəsi 20 kvadrat metrə qədər olan mənzillərdə yaşayan insanların sosial durumunu araşdırır. Əgər həmin sakinlərin yaşamaq üçün başqa yerdə evləri olduğu aşkarlanarsa, onlara heç bir güzəşt olunmayacaq. Az kvadratlı mənzillərdə yaşayan və maddi durumu çətin olan vətəndaşlara güzəşt edilməsi ilə bağlı təkliflər var. Təbii ki, burada sökülən evlərin hər kvadrat metrinə görə ödənilən 1500 manatın artırılmasından söhbət gedə bilməz". Bunu "Report"a açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyətinin nəzdində yaradılan Köçürmə Komissiyasının sədri Səməd İslamov deyib.

O qeyd edib ki, Yasamal rayonu ərazisində yerləşən "Sovetski" məhəlləsinin sökülməsi böyük həcmli işdir: "Çünki bu ərazidən 10 500-ə yaxın ev köçürüləcək. 2013-cü ilin dekabrın 12-də ölkə başçısının imzaladığı sərəncamdan sonra, 2014-cü ildən Yasamal rayon İcra Hakimiyyəti Maliyyə Nazirliyi ilə birlikdə işin icrasına başlayıb. Köçürülmə prosesinin 6 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Mərhələlər üzrə həm invertarlaşdırma, həm ölçü işlərinin aparılması, həm də qiymətləndirmə sənədlərinin hazırlanması işləri görülür. Yalnız bundan sonra köçürülmə prosesi baş tutur".

Köçürmə Komissiyasının sədri deyib ki, bu günə qədər 8 200-ə yaxın yaşayış və qeyri-yaşayış sahəsində ölçmə işləri aparılıb: "Onlardan 2 340 təsərrüfat sahibi ilə razılaşma protokolu imzalanıb və 2 314 yaşayış və qeyri-yaşayış sahəsi sökülüb".

S.İslamov "Sovetski" məhəlləsinin hasarlanması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, N.Nərimanov prospekti şəhərin mərkəzi küçələrindən biridir: "Bu gün Bakının hər yerində abadlıq işləri aparılır. Mətbuat prospektindən tutmuş Salamzadə küçəsi və kənar dairəvi yollara qədər abadlıq işləri görülür. Köçürülmə prosesi də könüllü şəkildə aparılır. Düzdür, həmin evlərin arasında az kvadratlı evlərdə yaşayanlar hələlik şərtlərlə razılaşmır. Biz də onları məcbur etmirik. Həmin ərazidə onlarla mənzil var ki, həm mülkiyyətçilərlə orada yaşayanlar, həm də ailə üzvləri arasında illərdir məhkəmə çəkişməsi gedir, bu problem hələ də həllini tapmayıb. Ona görə də istəsək də onları köçürə bilmirik. Hasarlama işinə gəldikdə isə, Yasamal Rayon İcra Hakimiyyəti şəhərin bugünkü görkəminə uyğun olaraq, oradakı əhalinin təhlükəsizliyini təmin etmək üçün həmin hasarlardan istifadə edir".

O qeyd edib ki, evlərin köçürülməsi ilə bağlı ayrılan vəsaitin hər manatının öz təyinatı var: "Köçürülmə üçün ayrılan vəsait başqa heç bir iş üçün xərclənə bilməz. Yasamal rayon İcra Hakimiyyətinin 2015-ci il üçün abadlıq və yenidənqurma işləri ilə bağlı tədbirlər planı var. Həmin plana uyğun olaraq hasarlama işləri aparılıb. Odur ki, "Sovetski"nin köçürülməsi üçün ayrılan vəsaitin hasarlanma işlərinə xərclənməsi haqda deyilənlər həqiqət deyil".

Azkvadratlı evlərlə bağlı mərhələli şəkildə işlərin aparıldığını deyən S.İslamov əlavə edib ki, bu məsələ hər zaman gündəmdədir və müəyyən təkliflər var: "Orada yaşayan insanların istək və arzularının nəzərə alınması üçün variantlar axtarılır. Ən əsası isə köçürülmə işləri könüllü aparılır. Heç kim deyə bilməz ki, kimsə gəlib qapımı döyüb məni məcburi evimdən çıxarıb. Bu günə qədər ərazidən köçürülən insanlara verilən vəsaitin həcmi ilə bağlı bizdə məlumat yoxdur. Çünki alqı-satqı işi ayrı-ayrılıqda aparılır. Hər bir mülkiyyətçinin adına ayrı sənəd hazırlanır. Həmin sənədin içərisində mənzilin şəkilləri və layihəsi var. Komissiyanın bütün üzvləri də həmin sənədləri imzalayır. Vətəndaş tam razı olduqdan sonra notariusda müstəqil şəkildə alqı-satqı edərək, mülkiyyətini dövlətə satır. Bizim üzərimizə düşən iş sərəncam verildiyi gündən sonra həmin ərazidə vətəndaşların hər hansı bir tikinti işləri aparmasına imkan verməməkdir. Evlərin sənədli və ya sənədsiz olmasından asılı olmayaraq hər kvadratmetrə 1500 manat pul ödənilir. Nəzərdə tutulan məbləğin artırılması ilə əlaqədar heç bir təklif yoxdur".

Son xəbərlər

Orphus sistemi