"Hər kağızı bir yarpağa dəyişək" layihəsinə start verilib

"Hər kağızı bir yarpağa dəyişək" layihəsinə start verilib Martın 25-dən kağız tullantıların qəbulu üçün bütün "ASAN xidmət" mərkəzlərində xüsusi konteynerlər quraşdırılacaq
Sosial müdafiə
18 Mart , 2015 15:46
Hər kağızı bir yarpağa dəyişək layihəsinə start verilib

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İDEA İctimai Birliyi və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" layihəsinə start verilib. 

"Report" xəbər verir ki, layihə çərçivəsində ilkin olaraq 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər struktur bölmələri, Təhsil Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və digər qurumlar tərəfindən 10 tondan çox kağız tullantısı təhvil verilib.

Martın 25-dən kağız tullantıların qəbulu üçün bütün "ASAN xidmət" mərkəzlərində xüsusi konteynerlər quraşdırılacaq. Layihə çərçivəsində "Azersun Holding" MMC tərəfindən 300 kq-dan artıq kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması təşkil ediləcək. Kağız tullantılarını səyyar qaydada təhvil vermək istəyən şəxslər İDEA İctimai Birliyi və ya "ASAN xidmət"lə əlaqə saxlaya bilərlər.

Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.

2014-cü ilin fevral-aprel ayları ərzində Bakı şəhərində "Hər kağızı bir yarpağa dəyişək" layihəsinin pilot fazası həyata keçirilib və 79 tona yaxın kağız toplanaraq təkrar emal müəssisəsinə göndərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, IDEA İctimai Birliyi və"Azersun Holding" MMC dövlət qurumlarını, özəl sektor nümayəndələrini, qeyri-hökumət təşkilatlarını və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etməyə dəvət edir.

Son xəbərlər

Orphus sistemi