Bakı. 25 dekabr. REPORT.AZ/ "Bu il gənclərlə iş sahəsində 91 tədbir keçirilib. Onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub. Eyni zamanda, elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənən 6 gəncə "Gənclər üçün Prezident Mükafatı" təqdim edilib". "Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, 17 istedadlı və yaradıcı gənc, gənclərin 9 qeyri-hökumət təşkilatı və 4 tələbə gənclər təşkilatı nazirliyin mükafatlarına layiq görülüb.
Hazırda ölkədə 33 "Gənclər Evi / Mərkəzi"nin fəaliyyət göstərdiyini deyən A.Rəhimov qeyd edib ki, Binəqədi və Tovuz rayonlarında eyni təyinatlı tikinti işləri başa çatdırlıb, gələn ilin I rübündə istifadəyə verilməsi nəzərdə tutulur: "Həmçinin, gələn il Gəncə və Şirvan şəhərlərində "Gənclər Evi"nin tikintisi başa çatdırılacaq, Şəki şəhəri, Bərdə, Quba və Şamaxı rayonlarında isə tikinti işləri davam etdiriləcək".
Nazir onu da əlavə edib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı əsasında gənclər üçün prezident mükafatı təsis olunub: "Eyni zamanda, Gənclər Fondu, eləcə də istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankı da, məhz proqram çərçivəsində yaradılıb".