Bakı. 4 dekabr. REPORT.AZ/ "ASAN Könüllüləri"nin II ümumrespublika forumu keçirilib. “Report” xəbər verir ki, forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, bir sıra dövlət strukturlarının nümayəndələri, deputatlar və QHT nümayəndələri iştirak edib.
Forumun təşkil edilməsində əsas məqsəd Prezident İlham Əliyevin "ASAN Könüllüləri"nin qarşısında müəyyən etdiyi bir sıra məqsəd və vəzifələrin icrasının, eyni zamanda təşkilatın illik fəaliyyətinin hesabat xarakterli təqdimatının keçirilməsi olub.
Forum zamanı "Azərbaycan könüllülük institutunun nailiyyətləri və inkişaf perspektivləri", "Dövlət gənclər siyasəti və gənclər üçün mövcud imkanlar" mövzusunda müzakirələr aparılıb.
Həmçinin, "ASAN Könüllüləri" təşkilatının 2016-cı il üçün hədəfləri, inkişaf strategiyası və təklifləri formalaşdırılıb.
Forumda "ASAN Könüllüləri"nin liderləri mükafatlandırılıb.
Tədbirin bədii hissəsində isə yaradıcı "ASAN Könüllüləri "öz bacarığını nümayiş etdirib.