Nazir müavini: "Regionlarda sənaye məhəllələri yaradılacaq"

Nazir müavini: "Regionlarda sənaye məhəllələri yaradılacaq" Sumqayıt Kimya Sənaye Parkında aparılan işlər bu ilin sonuna qədər tam yekunlaşacaq
Sənaye
29 Aprel , 2016 11:55
Nazir müavini: Regionlarda sənaye məhəllələri yaradılacaq

Bakı. 29 aprel. REPORT.AZ/ "Hazırda Sumqayıt Kimya Sənaye Parkının 7 rezidenti var və yeni rezidentlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlar davam etdirilir. Yaxın zamanlarda daha bir neçə şirkətə rezident statusunun verilməsi nəzərdə tutulur. Artıq əczaçılıq məhsulları, kimyəvi maddələrin istehsalı sahələri üzrə fəaliyyət göstərən şirkətlər Parkda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib". 

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu gün Sumqayıt Kimya Sənaye Parkında icra edilən layihələrə dair Bakıda keçirilən tədbirdə qeyd edib.

Nazir müavini bildirib ki, qeyri-neft sektorunun inkişafında sənaye parkları və məhəllələrinin əhəmiyyəti böyükdür: “Dövlət başçısının həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biri Azərbaycanda iqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin etməkdir. Bununla əlaqədar sistemli tədbirlər, dərin islahatlar həyata keçirilir. Baxmayaraq ki, dünyada maddi baxımdan çox çətin proseslər gedir. Sənaye və sənayeləşmə ölkə iqtisadiyyatının inkişafının özəyini təşkil edir. Sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir. Sumqayıt Sənaye Parkının ərazisi təxminən 300 hektara bərabərdir. Parkın ərazisinin artırılması ilə bağlı burada həyata keçirilən infrastruktur işləri böyük əhəmiyyət kəsb edir. Layihənin birinci mərhələsində 167 hektar ərazidə demək olar ki, bir çox infrastruktur layihələr üzrə işlər bitib. İnfrastruktur layihələrinin bir qismi üzrə işlər isə artıq bitmək üzrədir. Bu ilin sonuna qədər layihə çərçivəsində nəzərdə tutulan işlər yekunlaşdırılacaq”.

N.Səfərov qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının ən böyük layihəsi olan “SOCAR Polymer” ikinci mərhələnin ən böyük layihəsidir: “Hazırda zavodun tikinti işləri ciddi şəkildə davam edir. Bu layihənin infrastruktur işlərinin bitməsi parkda bir çox işlərin həyata keçirilməsinə böyük şərait yaradacaq. Onu qeyd edim ki, sənaye parklarında işə götürülənlərin əksəriyyəti yerli əhalidir. Deyirlər ki, layihədə daha çox xaricilər çalışır, amma bu elə deyil. Əlbəttə, bu işlərə xarici işçilər cəlb edilsə, inkişaf baxımından bu, çox önəmlidir. Nefçala Sənaye Məhəlləsində işlər ən gec bu ilin iyul ayının birinci yarısında yekunlaşacaq. Burada da çox önəmli bir layihənin həyata keçirilməsi nəzərdə tutulub. Məlum olduğu kimi, Azərbaycan və İran arasında imzalanan sənədlər əsasında birgə avtomobil istehsal ediləcək”. 

"Mingəçevir şəhərində sənaye parkının təşkili istiqamətində işlər aparılır. Neftçala Sənaye Məhəlləsinin tikintisi isə başa çatmaq üzrədir və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, regionların sənaye potensialından istifadənin genişləndirilməsi məqsədilə ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi