Psixi Sağlamlıq Mərkəzində psixi sağlamlığın aktual məsələlərinə həsr olunan dəyirmi masa keçirilib

Psixi Sağlamlıq Mərkəzində psixi sağlamlığın aktual məsələlərinə həsr olunan dəyirmi masa keçirilib Mərkəzin "Qaynar xətt"inə ayda 150-200 müraciət daxil olur
Sağlamlıq
6 Aprel , 2016 13:06
Psixi Sağlamlıq Mərkəzində psixi sağlamlığın aktual məsələlərinə həsr olunan dəyirmi masa keçirilib

Mərkəzin "Qaynar xətt"inə ayda 150-200 müraciət daxil olur

Bakı. 6 aprel. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində psixi sağlamlığın aktual məsələlərinə həsr olunan dəyirmi masa keçirilib. "Report"un məlumatına görə, intiharlarla əlaqədar Azərbaycandakı mövcud vəziyyət tədbirdə müzakirə olunan əsas mövzulardan biri olub.

Mərkəzin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova çıxışında deyib ki, Səhiyyə Nazirliyi xüsusilə gənclər arasında intiharların sayının azaldılmasına səy göstərir. O bildirib ki, böhran vəziyyətlərində, intihar riskinin yüksək olduğu hallarda psixoloji kömək məqsədilə şöbənin nəzdində "Qaynar xətt" fəaliyyət göstərir və ay ərzində bura təxminən 150-200 müraciət daxil olur.

Tədbirdə intiharların və böhrana ilkin müdaxilənin profilaktikası məqsədi ilə müxtəlif sahələr arasında, o cümlədən KİV ilə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Dəyirmi masada, psixi xəstəliklərdən əziyyət çəkənlərin arasında stiqmanın yayılması məsələləri də müzakirə predmeti olub. Qeyd olunub ki, beynəlxalq statistik məlumatlara görə, 40-70% hallarda psixi xəstəliklərdən əziyyət çəkənlər KİV-lərdə təhlükəli və əqli çatışmazlığı olan şəxslər kimi təqdim edilir. Halbuki, pasientlərin dəstəyə və tolerant münasibətə ehtiyacı olan şəxslər kimi düzgün xarakteristikası onların ictimaiyyət tərəfindən qarşılanmasını yaxşılaşdıra bilər.

Həmçinin, digər vacib məsələlərdən biri psixososial reabilitasiya sisteminin inkişafının müzakirəsi olub.

Son illər Səhiyyə Nazirliyinin səyləri ilə psixi xəstəliklərdən əziyyət çəkənlər üçün uğurlu reabilitasiya proqramları tərtib olunub və tətbiq olunub. Hazırda reabilitasiya tədbirlərində nəinki həkim-psixiatrların, həmçinin kliniki psixoloqların, sosial işçilərin, məşğulluq və digər sahələrdə çalışan mütəxəssislərin iştirakı üçün şərait yaradılıb.

Dəyirmi masada ağır psixi pozuntulardan əziyyət çəkən şəxslərin uğurlu psixososial reabilitasiyası nümunələrinin təqdim olunmasında KİV-lərin əhəmiyyətli rolu qeyd olunub.

Son xəbərlər

Orphus sistemi