Bakıda Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib

Bakıda Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib Azərbaycanda şəkərli diabetlə bağlı vəziyyət, profilaktik tədbirlər barədə təqdimatlar olub
Sağlamlıq
14 Noyabr , 2014 10:12
Bakıda Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda 14 noyabr - Ümumdünya Diabet Günü münasibətilə İSİM, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir keçirilib. “Report”un xəbərinə görə, tədbirdə qonaqların qanda şəkərinin miqdarı və qlükozalaşmış hemoqlobinin miqdarı ölçülüb.

Deputatların və tibb mütəxəssislərinin iştirak etdiyi rəsmi hissədə Azərbaycanda şəkərli diabetlə bağlı vəziyyət, profilaktik tədbirlər barədə təqdimatlar olub.

Azərbaycan Diabet Liqasının rəhbəri Yeganə Sultanova çıxış edərək deyib ki, hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.

Qeyd edək ki, “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” çərçivəsində Azərbaycanda ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin, şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

Tədbirdə rəsmi hissə sona çatandan sonra diabetli uşaqlara hədiyyələr təqdim olunub, uşaqların arzuları yazılan şarlar havaya buraxılıb.

Son xəbərlər

Orphus sistemi