Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu 2015-ci ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istədiklərini dilə gətirib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Londona səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.
"Biz (Ermənistanla — red.) yeni dünya qurmaq üçün səy göstərməliyik", — deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, o, Türkiyə-Ermənistan münasibətlərinin 2015-ci ildə normallaşmağa başlamasını istədiyini vurğulayıb.
Davudoğlu, "1915-ci il hadisələri"nə də toxunub. O bildirib ki, Türkiyə ermənilərin kədərinə şərikdir və Ermənistanla dostluq münasibətləri qurmaqla həqiqətən yaraları sağaltmaq istəyir.
Davudoğlu, həmçinin 2007-ci ildə İstanbulda qətlə yetirilmiş türk-erməni jurnalist Hrant Dinkin fəaliyyətini yüksək qiymətləndirib.
Baş nazir erməniləri Türkiyəyə tez-tez gəlməyə çağırıb. Onun sözlərinə görə, iki qədim xalq müdriklik nümayiş etdirməli və bir-birini başa düşməlidir.