Bakı. 15 may. REPORT.AZ/ Cənubi Qazaxıstan vilayətinin Əski İkan qəsəbəsində Stalinin heykəlini götürüblər.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Türküstan şəhər hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Yerli hökumətin məmurları abidəni qoyan insanlarla izahat işləri apardıqdan sonra onlar heykəli öz istəkləri ilə götürüblər", - hökumət təmsilçisi bildirib.
Qeyd edək ki, həmin abidə 1954-cü ildə qoyulub. 2014-cü ilin iyununda vilayətdə baş vermiş güclü qasırğa onu zədələyərək uçurub. 2015-ci il mayın əvvəlində yerli ictimai fəallar bərpa edərək, heykəli yaşayış binalarından birinin həyətində qoyublar.