​Leysan yağışları nəticəsində Tbilisidə bir neçə evin divarları uçub

​Leysan yağışları nəticəsində Tbilisidə bir neçə evin divarları uçub Xəsarət alan olmasa da bir neçə ailə evsiz qalıb
Region
10 İyun , 2016 22:26
​Leysan yağışları nəticəsində Tbilisidə bir neçə evin divarları uçub

Tbilisi. 10 iyun. REPORT. AZ/ Gürcüstan ərazisində yağan dolu və güclü yağışlar paytaxt Tbilisidə yenidən fəlakətə səbəb olub. "Report"un Gürcüstan bürosu xəbər verir ki, paytaxtın Niçubidze küçəsində yaşayış binasının bəzi divarları uçub.

Evin fasad hissəsi yararsız vəziyyətə düşüb. Xəsarət alan olmasa da bir neçə ailə evsiz qalıb.

Paytaxtın Nadzaladevski rayonunun Leçxumi küçəsində yaşayış binasının istinad divarları uçub. Xəsarət alan olmasa da dörd ailə evsiz qalıb.

Sakinlərin sözlərinə görə, paytaxtda güclü yağışlar nəticəsində köhnə tikililərin özülləri, istinad divarları yararsız hala düşüb. Təhlükəli binaların sayı isə çoxdur.

Bəzi sakinlər təbii fəlakətin miqyasının daha da böyüməsindən narahatdırlar. Onlar bildirirlər ki, 2015-ci il iyunun 13-də gecə saatlarında yağan güclü leysan yağışları nəticəsində Tbilisi zooparkı su altında qalmışdı. Bu cür bədbəxt hadisələr yenə də təkrar oluna bilər.

Qeyd edək ki, bir neçə gündür aramsız yağan leysan yağışları və dolu nəticəsində Gürcüstanın bölgələrinə də ciddi ziyan dəyib. Bəzi ərazilərdə əkin sahələri su altında qalıb, meyvə bağlarına və infrastruktura ciddi ziyan dəyib.

Yağışlar davam edir. Gürcüstanın müvafiq strukturları fəlakətin böyüməsinin qarşısını almaq məqsədilə iyunun 10-da toplardan istifadə edərək yağış buludlarını dağıdıblar.

Son xəbərlər

Orphus sistemi