​Dəniz Baykal: "Ərdoğan müxalifətin öz arasında koalisiya yaratmasına etiraz etmir"

​Dəniz Baykal: "Ərdoğan müxalifətin öz arasında koalisiya yaratmasına etiraz etmir" "Prezident hər cür koalisiyaya hazırdır"
Region
10 İyun , 2015 17:05
​Dəniz Baykal: Ərdoğan müxalifətin öz arasında koalisiya yaratmasına etiraz etmir

Bakı. 10 iyun. REPORT.AZ/ "Mənim prezidentlə keçirdiyim görüş koalisiya hökumətinin qurulması ilə bağlı deyildi və ola da bilməzdi".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri, deputat Dəniz Baykal jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, CXP koalisiya hökumətinin qurulması ilə bağlı hazırlıq işləri görür: "Bunun mənə aidiyyəti yoxdur".

O, Rəcəb Tayyib Ərdoğanla mövcud siyasi şəraitlə bağlı fikir mübadiləsi apardıqlarını söyləyib: "Parlamentdə uzun müddət millət vəkili olmuş və indi də Böyük Millət Məclisində müvəqqəti sədr olacaq bir adam kimi prezidentlə söhbət etdik".

O, "Ədalət və İnkişaf Partiyası ilə Cümhuriyyət Xalq Partiyası koalisiya qura bilərmi" sualına cavabında deyib: "Prezidentin hər cür koalisiyaya hazır olduğunu, müxalifətin öz arasında koalisiya yaratmasına etiraz etmədiyini gördüm. Bu mənada məndə onun qısa müddətdə hökumətin qurulmasını anlayışla qarşıladığı və ehtimal olunan bütün koalisiya kombinasiyalarına müsbət yanaşacağı təəssüratı yarandı".

Prezidentlə danışığın ardınca Dəniz Baykal Cümhuriyyət Xalq Partiyasının qərargahında partiyanın sədri Kamal Qılıcdaroğlu ilə görüşəcək. 

Xatırladaq ki, Dəniz Baykal 1995-2010-cu illərdə Cümhuriyyət Xalq Partiyasının sədri olub. O, Böyük Millət Məclisinə sədr seçilənədək ən yaşlı deputat kimi iclasa sədrlik edəcək. Dəniz Baykal 1938-ci ildə anadan olub.

Son xəbərlər

Orphus sistemi