​Mövlud Çavuşoğlu: "İŞİD"ə qarşı tezliklə genişmiqyaslı əməliyyata başlayacağıq"

​Mövlud Çavuşoğlu: "İŞİD"ə qarşı tezliklə genişmiqyaslı əməliyyata başlayacağıq" Ankara ilə Vaşinqton arasında "İŞİD"ə qarşı hava əməliyyatının başlaması ilə bağlı texniki danışıqlar başa çatıb
Region
24 Avqust , 2015 18:57
​Mövlud Çavuşoğlu: İŞİDə qarşı tezliklə genişmiqyaslı əməliyyata başlayacağıq

Bakı. 24 avqust. REPORT.AZ/ Ankara ilə Vaşinqton arasında "İŞİD"ə qarşı irimiqyaslı hava əməliyyatının başlaması ilə bağlı texniki danışıqlar başa çatıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Dünən texniki məsələlərlə bağlı danışıqlar başa çatıb. "İŞİD"ə qarşı tezliklə genişmiqyaslı əməliyyata başlayacağıq", - o, "Reuters"ə müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, əməliyyatda Türkiyənin bölgədəki müttəfiqi olan dövlətlərin, Səudiyyə Ərəbistanı, Qətər və İordaniya, eləcə də Avropa ölkələri, o cümlədən Britaniya və Fransanın da bu əməliyyatlarda iştirakı gözlənilir.

Nazir bildirib ki, hava zərbələri Türkiyə ilə həmsərhəd əraziyə, Suriyanın şimalına endiriləcək. Həmin ərazini rəsmi Ankara "təhlükəsiz zona" elan etməyi planlaşdırırdı.

"Bu əməliyyat Suriyadakı rejimin başçısı Bəşşar Əsədə mesaj olmaqla yanaşı, böhrandan çıxmaq üçün siyasi qərarın qəbul olunmasından ötrü danışıqlar masasına oturmaqda onun administrasiyasına təzyiq göstərməyə yardım edəcək ", - M.Çavuşoğlu söyləyib.

Nazir vurğulayıb ki, öz mövqelərində əsaslı dəyişiklik etməzlərsə, o zaman İraqın şimalında, Türkiyənin cənub-şərqində və Suriyada terrorçu PKK və başqa kürd silahlılarına qarşı əməliyyat davam edəcək. PKK-nın Suriyadakı qolu PYD (Demokratik Birlik Partiyası) Suriyanın ərazi bütövlüyü uğrunda mübarizə aparmır. 

Son xəbərlər

Orphus sistemi