Qarabağ regionunda hərbi əməliyyatlar başa çatsa da, Azərbaycanın qarşısında mürəkkəb və baha başa gələn müharibə - 30 illik münaqişənin mina və digər təhlükəli nəticələrini aradan qaldırmaq durur.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın "La Razon" qəzetində dərc olunan məqalədə deyilir.
Müəllif qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında irəliləyiş, o cümlədən hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi, 2024-cü ildə Berlin və Münxendə keçirilən görüşlər və s. sayəsində sülh sazişi reallaşmağa doğru gedir.
Bildirilib ki, Azərbaycan kimi ölkələrdə münaqişənin nəticələrinə dinc əhali üçün təhlükə yaradan, eləcə də iqtisadi bərpa və inkişafa mane olan minalardan çirklənmə daxildir, çünki torpaqlar minalardan təmizlənənə qədər kənd təsərrüfatı istifadəsi üçün yararsız olaraq qalır, bu proses isə uzun çəkə bilər.
“Minalar dini hüquqların ifadəsinə və mədəniyyətin nəsillər arasında ötürülməsinə də mane olur. Məsələn, Azərbaycanda Ağdaban kənd qəbiristanlığının, dini abidələrin və qəbiristanlıqların minalanması nisbətən geniş yayılmış və təəssüf doğuran taktikadır. Bu, əhalinin dini özünüifadə hüquqlarının təmin olunmasına ciddi maneələr yaradır. Bundan əlavə, öz evlərinə qayıdan məcburi köçkünlər müəyyən problemlərlə üzləşirlər. Bu da onların mədəniyyətlərini təhlükəsiz şəkildə inkişaf etdirmələrini qeyri-mümkün edir”, - məqalədə qeyd edilib.
Müəllif vurğulayıb ki, sülh və yenidənqurma səyləri kontekstində minalardan təmizləmə prosesini sürətləndirmək lazımdır: “Bu, təkcə insanların fiziki təhlükəsizliyini təmin etmək üçün deyil, həm də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində iqtisadi bərpa və sosial birliyə kömək etmək üçün prioritetə çevrilir”.