Ağstafada şəhid olmuş xüsusi təyinatlının xatirəsi əbədiləşdirilib

Ağstafada şəhid olmuş xüsusi təyinatlının xatirəsi əbədiləşdirilib Bu gün - sentyabrın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkat Dəstəsinin şəhid giziri Məhəmmədəli Ələkbərovun doğum günüdür.
Qarabağ
20 Sentyabr , 2021 19:37
Ağstafada şəhid olmuş xüsusi təyinatlının xatirəsi əbədiləşdirilib

Bu gün - sentyabrın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkat Dəstəsinin şəhid giziri Məhəmmədəli Ələkbərovun doğum günüdür.

“Report” xəbər verir ki, şəhidin 31-ci doğum günü doğma yurdu Ağstafa rayonunun Poylu kəndində qeyd edilib.

Tədbirdə şəhidin adına tikilmiş bulağın açılışı olub. Bulaq M.Ələkbərovun ailəsinin şəxsi vəsaiti hesabına Ağstafa-Sadıqlı yolunun kənarında, rayonun Poylu kəndində inşa edilib.

Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, dostları, onun təhsil aldığı təhsil müəssisəsinin müəllim heyəti, eləcə də kənd sakinləri iştirak ediblər.

M.Ələkbərovun adına inşa olunmuş bulaq ziyarət olunaraq xatirəsi anılıb, ruhuna dualar oxunub.

Daha sonra mərasimdə S.Məmmədov adına Poylu kənd orta məktəbinin müəllimi Xəyalə Rüstəmova M.Ələkbərovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıb.

Həmçinin tədbirdə Poylu kənd orta məktəbinin şagirdlərinin hazırladığı kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, M.Ələkbərov 1990-cı il sentyabrın 20-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. M.Ələkbərov oktyabrın 21-də Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ağstafa rayonunun Poylu kənd qəbiristanlığında dəfn edilib.

M.Ələkbərov Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, “Zəngilanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi