Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edib

Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edib MTRŞ-ya televiziyaların fəaliyyətini dayandırmaq səlahiyyəti verilir
Media
29 Dekabr , 2015 15:03
Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin payız sessiyasının son iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edilib.

"Report"un xəbərinə görə, parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, layihə “Televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər edilməsini nəzərdə tutur. Qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulan hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur.

Bəzi deputatlar təklif olunan dəyişikliyə etiraz ediblər. Deputat Qüdrət Həsənquliyev deyib ki, “Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsi Milli Televiziya və Radio Yayımı Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmlinin ANS-i bağlamasına səbəb olacaq: "Çünki onların qarşılıqlı əməkdaşlığı yoxdur”.

O bildirib ki, mətbuatda hər gün MTRŞ-nın ANS-i cərimələməsi ilə bağlı xəbərlər yayılır: “Qanuna edilən dəyişiklik onların ANS-i bağlamasına səbəb olacaq. Heç olmazsa, müvafiq dövlət orqanları məsələyə müdaxilə etsin və normal əməkdaşlıq mühiti yaradılsın. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq. ANS ilk özəl televiziyamızdır və bu gün biz onlara ögey münasibəti görürük”.

Deputat Fazil Mustafa qeyd edib ki, qanun layihəsi qəbul olunarsa, o zaman məhkəmənin işinə ehtiyac olmayacaq: “Belə olanda məhkəmə hakimiyyəti icra orqanı ilə bölüşdürülür. Buna diqqət edilməlidir. Heç olmazsa, hansısa qurumun qərarı ilə televiziyanın fəaliyyəti üç gün dayandırıla bilər və sonra məhkəmədə nəyə görə bağlanması barədə əsaslandırılmalıdır. Bu olmasa, müəyyən icra qurumu məhkəmə funskiyasını mənimsəyir və bu, problemdən çıxış yolu deyil. Bunun yolu məhkəmədən keçir. Belə olarsa, dəyişiklik konstitusiyaya uyğun olar”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bildirib ki, “Televiya və radio yayımı haqqında” qanun MTRŞ-nın hər hansı televiziyanı bağlamasına icazə verir: “Televiziya streteji bir sahədir. Azərbaycanın bütün regionlarında televiziyalar yayımlanır. Ola bilər ki, hər hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar etsin. Ancaq bunun üçün müvafiq məhkəmələr var və onların qərarı olmalıdır. Hesab edirəm ki, bu qanunla bağlı oxşar təcrübə bir çox dövlətlərdə var. Mən qanuna edilən dəyişikliklərə səs verəcəyəm”.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi