Ənvər Paşanın nəvəsinin Bakıda ictimaiyyətlə görüşü keçirilib

Ənvər Paşanın nəvəsinin Bakıda ictimaiyyətlə görüşü keçirilib Osman Mayatepekin babası barədə yazdığı "Dedem Enver Paşa" kitabı da təqdim olunub
Media
3 Aprel , 2015 18:15
Ənvər Paşanın nəvəsinin Bakıda ictimaiyyətlə görüşü keçirilib

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Mətbuat Şurası və Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə Ənvər Paşanın nəvəsi Osman Mayatepekin ictimaiyyətlə görüşü keçirilib. "Report" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Fazil Mustafa, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və ictimaiyyət nümayəndələri iştirak edib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında bildirib ki, Ənvər Paşa Azərbaycan və Dağlılar Cümhuriyyətinin yaradılmasına hərbi dəstək verib: "Türkiyə və Azərbaycan arasında ilk hərbi ittifaqı məhz o yaradıb. Bu kitabın yazılması bizim üçün çox əlamətdardır. Çünki onların Azərbaycan üçün etdikləri tarixdən heç vaxt silinə bilməz".

Deputat Musa Qasımlı deyib ki, Nuru Paşa və Ənvər Paşanın timsalında cümhuriyyət dövründə Azərbaycana gələn insanlar məhz türk xalqı üçün çalışıblar: "Azərbaycan xalqı Qafqaz İslam Ordusunun hərbçilərinin burada olan məzarlarını əsarət altında olanda belə qoruyub-saxlayıb, ziyarətgaha çevirib. Bu, Türkiyəyə, türk millətinə olan sevgidir".

Azərbaycan xalqının Ənvər və Nuru Paşaya can borcu olduğunu deyən deputat Fazil Mustafa isə vurğulayıb ki, bu borcu unutmaq olmaz: "Dövlətimiz bu insanların sevgisi ilə qurulub. Azərbaycan Cümhuriyyətinin qurucularından biri kimi Ənvər və Nuru Paşanın da adlarını çəkmək lazımdır. Türk Qafqaz İslam Ordusu Azərbaycanı xilas edib".

Sonda mərhumun nəvəsi Osman Mayatepek çıxış edərək hər kəsə öz təşəkkürünü bildirib: "Türkiyəni Azərbaycandan ayırmaq olmaz. Çünki biz bir millətik. Azərbaycan da mənim öz vətənimdir. Burada 3 doğma insanım döyüşüb, mübarizə aparıb. Biz Azərbaycan üçün hər bir fədəkarlıq etməyə daim hazırıq".

Qeyd edək ki, görüşdə Osman Mayatepekin babası barədə yazdığı "Dedem Enver Paşa" kitabı da təqdim olunub. Kitabda Ənvər Paşa nəvəsinin dilindən bir daha təqdim edilir.

Son xəbərlər

Orphus sistemi