Əsgər Əlioğlu: "Qardaşım fəaliyyəti ilə mətbuatımızın "gizli qəhrəmanı"na çevrildi”

Əsgər Əlioğlu: "Qardaşım fəaliyyəti ilə mətbuatımızın "gizli qəhrəmanı"na çevrildi” Jurnalist Əsgər Əlioğlu vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş qardaşı Məhərrəm İbrahimovun Azərbaycan jurnalistikasında yeni bir cığır açdığını deyib
Media
26 Aprel , 2022 13:02
Əsgər Əlioğlu: Qardaşım fəaliyyəti ilə mətbuatımızın gizli qəhrəmanına çevrildi”
Əsgər Əlioğlu (İbrahimov)

Jurnalist Əsgər Əlioğlu vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş qardaşı Məhərrəm İbrahimovun Azərbaycan jurnalistikasında yeni bir cığır açdığını deyib.

O, bunu Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib.

“Qardaşım şəhidliyi ilə "qorxaq jurnalistika"ya son qoydu. Məhərrəm Vətən müharibəsi zamanı ön cəbhəyə və qələbədən sonra işğaldan azad olunmuş ərazilərə ezam olunmuşdu. Şahidlərin və həmkarlarının dediyinə görə, əsgərlərlə birlikdə Məhərrəm qələmi ilə təhlükəli ərazilərə daxil olub. Bu, onun vətənpərvərliyini, cəsurluğunu və peşəsinə münasibətini göstərir. O, fəaliyyəti ilə mətbuatımızın "gizli qəhrəmanı"na çevrildi”, – Ə.Əlioğlu bildirib.

"Report" xəbər verir ki, Əsgər Əlioğlu öz təcrübəsini də tələbələrlə bölüşüb:

“Jurnalist kimi dünyanın onlarla ölkəsində səfərdə olmuşam. Dövlət xətti ilə reallaşan bir çox tədbiri işıqlandırmışam. Müxtəlif ölkələrin prezidentləri, liderləri ilə keçirilən görüşlərdə iştirak etmişəm. Dünya liderlərinin Azərbaycana və onun dövlət başçılarına olan rəğbəti mənim üçün unudulmayacaq ən böyük xatirədir”.

Əsgər Əlioğlu (İbrahimov) 1972-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını, həmçinin Avstriyada jurnalistika üzrə kursu bitirib, seminarlarda iştirak edib. 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc) müxbirlikdən Baş redaktor vəzifəsinədək yüksəlib, həmçinin Prezidentin xüsusi müxbiri olub.

“Respublika” qəzetində redaksiya rəhbəri, “SalamNew” İnformasiya Agentliyində baş redaktor, “ANS Press” saytında redaktor vəzifələrində çalışıb. “Qızıl qələm” mükafatçısıdır, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi