​Səudiyyə Ərəbistanı yaxın 4 ildə neftdən asılılığı aradan qaldırmaq niyyətindədir

​Səudiyyə Ərəbistanı yaxın 4 ildə neftdən asılılığı aradan qaldırmaq niyyətindədir "Greeen Card" sistemi ilə 5 il ərzində ölkəyə xaricilər cəlb olunacaq
Maliyyə
26 Aprel , 2016 17:06
​Səudiyyə Ərəbistanı yaxın 4 ildə neftdən asılılığı aradan qaldırmaq niyyətindədir

Bakı. 26 aprel. REPORT.AZ/ Rəsmi Ər-Riyad ölkəsinin neftdən asılılığını 2020-ci ilə qədər aradan qaldırmaq planlarını açıqlayıb. "Report"un RBC agentliyinə istinadən verdiyi xəbərə görə, ekspertlərin fikrincə, vergi yükünü artırmadan, subsidiyaları azaltmadan islahatların icrası mümkün olmayacaq. Bu da ölkədə iqtisadi artım tempini aşağı salacaq.

Şahzadə Məhəmməd bin Salman hökümətə təqdim etdiyi islahatlar planında Səudiyyə Ərəbistanının 2020-ci ilə qədər "neftsiz yaşaya biləcəyi"ni elan edib. "Əl-Ərəbiyyə" kanalına açıqlamasında şahzadə Salman deyib ki, planın həyata keçirilməsi üçün neftin qiymətinin neçə olacağı önəmli olmayacaq. Açıqlamadan sonra S.Ərəbistanının TASİ fond birjası indeksi 2,5% artıb. Qeyd edək ki, şahzadə hazırda "Aramco" milli neft şirkətinə nəzarət edən İnkişaf və İqtisadiyyat işləri üzrə Şuranın rəhbəridir.

Plana əsasən, Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldıran əsas alət "Public İnvestment Fund" (suveren investisiya fondudur) olacaq. Fondun aktivləri qısa müddətdə 2 trln. dollara çatdırılacaq və aktivlərə ölkənin əsas sənaye və daşınmaz əmlak şirkətləri daxil olacaq. Bu şirkətlərin tez bir zamanda özəlləşdirilməsi nəzərdə tutulub. Dövlət müəssisələrinin özəlləşdirilməsindən əldə olunan gəlirlərin xarici aktivlərə yönəldilməsi nəzərdə tutulub. Nəticədə Fond dünya üzrə məcmu investisiya həcminin 10%-nə sahib olacaq.

Ölkənin əsas aktivi dünyanın ən nəhəng neft ehtiyatlarına və ixracatına sahib olan "Aramco" şirkətidir. Səudiyyə Ərəbistanı "Aramco"nun 5%-ni özəlləşdirməyi (səhmlərin satışını) planlaşdırıb. Şahzadə Məhəmməd bin Salmanın fikrincə, "Aramco"nun səhmlərinin satışı dünyada ən yüksək həcmdə səhm emissiyası olacaq. Qeyd edək ki, şirkətin 2014-cü ildə gəliri 378 mlrd. dollar təşkil edib. Onun bazar qiyməti 1 trln. dollara yaxın olduğu bildirilir ki, bu da dünya fond birjalarında ən bahalı şirkət deməkdir. "Bloomberg" agentliyi "Aramco"nun 260 mlrd. barel neft ehtiyatı və 10 dollar/barel qiyməti ilə dəyərinin 2,5 trln. dollar olduğunu bildirib. "The Financial Times" isə şirkətin dəyərinin 10 trln. dollar olduğunu qeyd edib. Şahzadə isə daha təvazökar şəkildə "Aramco"nun 2 trln. dollar dəyərində olduğunu açıqlayıb.

Digər tərəfdən S.Ərəbistanı ölkəni ərəb və müsəlmanların üzünə açmağı düşünür. Yeni islahatlarla 5 il ərzində "Greeen Card" sistemi xaricilərin gəlib ölkədə işləməsinə və yaşamasına imkan verəcək. Həmçinin, turistlərin cəlb edilməsi ilə də bağlı planlar hazırlanır.

Şahzadə bildirib ki, özü və nazirlər daxil olmaqla ünvanlı subsidiyaların və güzəştlərin ləğv ediləcək və bununla da büdcənin illik qənaəti 30 mlrd. dollar olacaq. Benzin və elektrik enerjisi qiymətlərinin də artırılması nəzərdə tutulub. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, benzin, qaz və elektrik enerjisi subsidiyalarının həcmi ildə 60 mlrd. dollar və ya ÜDM-in 10%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi