​Sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsiri hesablanıb

​Sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsiri hesablanıb Rusiya iqtisadiyyatı hər rüb artım tempində orta hesabla 2 bənd itirib
Maliyyə
12 May , 2016 12:04
​Sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsiri hesablanıb

Bakı. 12 may. REPORT.AZ/ Ekonometrik metodlarla aparılan hesablamalara əsasən, Qərbin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatının artım tempinə maksimal mənfi təsirinin 11% olduğu bildirilir. "Report"un RBC agentliyinə istinadən verdiyi xəbərə görə, Almaniyanın "DIW Berlin" iqtisadi tədqiqatlar institutunun əməkdaşı Konstantin Xolodilin və Azad Berlin Universitetindən Aleksey Netsunayevin birgə çalışması nəticəsində əldə olunan nəticələrə əsasən, Rusiya iqtisadiyyatı sanksiyalar səbəbindən artım tempində hər rüb orta hesabla 2 bənd itirib: "Əgər sanksiyaların iki il davam etdiyini nəzərə alsaq, mənfi effektin nəzərəçarpacaq dərəcədə olduğunu görərik".

Məqalədə qeyd edilir ki, 2014-cü ilin II rübündən 2015-ci ilin III rübünə qədər Rusiyada faktiki iqtisadi azalma 4,1% olub. Sanksiyalar tətbiq edilməsəydi, Rusiyada ÜDM-in həcmi bu dövrdə 6,9% artacaqdı: "Aradakı 11%-lik fərqi sanksiyalar səbəbindən yaranan zərərin maksimal həddi kimi qiymətləndirmək olar". Qeyd edək ki, çalışmada Rusiya və Avropa statistika qurumları, "Datastream" və Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarından istifadə olunub.

Sanksiyaların Rusiya iqtisadiyyatına ən çox mənfi təsiri xarici borclanmanın məhdudlaşdırılması səbəbindən maliyyə sistemində müşahidə edilib. Belə ki, 2013-cü ildə xaricdən 46,4 mlrd. dollar borc vəsaiti cəlb edən Rusiya emitentləri 2014-cü ildə 10,4 mlrd. dollar, 2015-ci ildə isə 5 mlrd. dollar borclana bilib. Cari ildə isə Rusiyanın xaricdən maliyyələşmə həyata keçirməsi gözlənilmir. Rusiyanın sanksiyalara qarşı tətbiq etdiyi tədbirlər isə ölkədə inflyasiyanın yüksəlməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi