Sahibkarlara 75,8 mln. manat güzəştli kredit verilib

Sahibkarlara 75,8 mln. manat güzəştli kredit verilib Layihələrin reallaşdırılması 3 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir
Maliyyə
15 İyul , 2016 18:06
Sahibkarlara 75,8 mln. manat güzəştli kredit verilib

Bakı. 15 iyul. REPORT.AZ/ Sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilmiş işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 15 sahibkarlıq subyektinə 2,9 mln. manat güzəştli kredit verilib.

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, ət kəsimi və emalı, çörək, tikinti materialları, idman ləvazimatları istehsalı sahələrinə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Qaradağ rayonunda dövlətin güzəştli krediti ayrılmış ildə 438 min ton tikinti materialları istehsal etmək gücündə olan zavoda və idman ləvazimatları istehsalı müəssisəsində tikinti işlərinə baxış keçirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ət kəsimi, şirniyyat məhsulları, üzlüklər, dam örtükləri, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə 1 297 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 75,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir: "Ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 268 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,3 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq, bağçılıq təsərrüfatları, ət emalı, “yaşıl market”, logistik mərkəzlər, tikinti materialları, mebel, neft-kimya sənayesi avadanlıqları, metal konstruksiya istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib".

Qeyd edilib ki, son illər güzəştli kreditlər hesabına 145 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 470 mln. manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 125-i istifadəyə verilib. 

Son xəbərlər

Orphus sistemi