​Dolların gələcək məzənnəsi bu gün müəyyənləşəcək

​Dolların gələcək məzənnəsi bu gün müəyyənləşəcək FES-in bugünkü qərarı yaxın bir il ərzində avronu bir qədər möhkəmlədə bilər
Maliyyə
29 İyul , 2015 17:32
​Dolların gələcək məzənnəsi bu gün müəyyənləşəcək

Bakı. 29 iyul. REPORT.AZ/ Dünya bazarında dollar/avro məzənnəsi yaxın üç ildə azalma trendini qorusa da, qarşıdakı bir il ərzində bir qədər möhkəmlənə bilər. Bu gün keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında ölkədə uçot dərəcəsinin artırılması barədə gələcək planlara üstüörtülü şəkildə toxunulacağı gözlənilir.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq qərarda FES rəhbəri Cannet Yellenin uçot dərəcəsinin sentyabrda artırılması ilə bağlı niyyətini bildirəcəyi ehtimal edilir. Bu xəbərin açıqlanması ABŞ dollarına qısa müddətdə güc qazandıracaq. Lakin daha sonra investorları uçot dərəcəsinin növbəti artım tempi və zamanı maraqlandıracaq. Bu isə ABŞ və Çin iqtisadiyyatlarının qarşıdakı aylarda makroiqtisadi göstəricilərindən asılı olacaq.

"Report"un analitik qrupu qeyd edir ki, Çin fond birjasında iyulda baş verən kəskin azalma bu ölkənin iqtisadiyyatı barədə müsbət gələcək vəd etmir. Məhz zəif Çin makroiqtisadi göstəricilərinin ABŞ iqtisadiyyatına mənfi effekt göstərəcəyi ehtimal olunur. ABŞ iqtisadiyyatının istənilən tempdə inkişaf etməməsi isə bu ölkənin uçot dərəcəsinin artırılmasına yaxın illərdə məhdudiyyyət yarada bilər. Məhz bu səbəbdən investorlar FES-in bugünkü açıqlamalarına xüsusi önəm verirlər. Əgər FES uçot dərəcəsini artırma prosesini dünya iqtisadiyyatındakı inkişafla əlaqələndirərsə, o zaman yaxın bir ildə dollar müəyyən qədər zəifləyə bilər.

"Dollar/avro məzənnəsinin 1,22 səviyyəsinə qədər artacağı istisna olunmur. Uzun müddətdə isə dollar möhkəmlənmə trendini qoruyacaq və məzənnə 0,85 USD/EUR-a qədər geriləyəcək", - "Report"un analitikləri bildirib.

Aşağıdakı qrafiklərdən göründüyü kimi, məzənnə müəyyən uzunmüddətli trend içərisində qalmaqda davam edir. Aşağı həddi hazırda 1,00, yuxarı həddi isə 1,32 səviyyəsindədir. Qısamüddətli qrafikdə isə 1,08-1,11 səviyyəsi arasında "bayraq" şəklində forma yaradır. Bir müddət burada qaldıqdan sonra məzənnə özünə istiqamət təyin edəcək.

Son xəbərlər

Orphus sistemi