Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Dövlət Kadrlar İdarəsi arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Bakıda səfərdə olan türkiyəli dövlət qulluqçuları əvvəlcə Nazirliyin büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə mərkəzi, muzey və kitabxana ilə tanış olublar.
Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək, Maliyyə nazirlikləri arasında da sıx əməkdaşlıq yaradılmasının zəruriliyini vurğulayıb, qonaqlara Nazirliyin fəaliyyəti barədə geniş məlumat verib.
Türkiyə Maliyyə Nazirliyinin şöbə müdiri K.Çelik dövlət qulluğu sahəsində qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu qeyd edib.
Sonra Maliyyə Nazirliyi Aparatının aidiyyəti şöbələrinin nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin tərtibi prosesi, büdcə qanunvericiliyi, büdcənin gəlir və xərc hissəsinin yerinə yetirilməsi, Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul və digər mövzularda fikir mübadiləsi aparılıb.