​Azərbaycanda problemli kreditlərin həcmi 40% artıb

​Azərbaycanda problemli kreditlərin həcmi 40% artıb Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi isə illik müqayisədə 2 dəfədən çox artıb
Maliyyə
4 Noyabr , 2015 11:47
​Azərbaycanda problemli kreditlərin həcmi 40% artıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2015-ci il oktyabrın 1-nə 1 353,8 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 20,2 mln. manat və ya 1,5%, ilin əvvəli ilə müqayisədə 377,5 mln. manat və ya 38,7%, 2014-cü ilin oktyabrın 1-nə nisbətən isə 380,6 mln. manat və ya 39,1% artıb.

Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 7,1%-ə yüksəlib. Qeyd edək ki, sentyabrın 1-nə bu göstərici 6,6%, keçən ilin analoji dövründə isə 5,5% olub.

Manatla verilən vaxtı keçmiş kreditlər oktyabrın 1-nə 911 mln. manat təşkil edib ki, bu da sentyabrın 1-nə nisbətən 4,3 mln. manat və ya 0,5%, ilin əvvəli ilə müqayisədə 143,4 mln. manat və ya 18,7%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 143,8 mln. manat və ya 18,7% çoxdur. Bu kreditlərin manatla məcmu kreditlərdə xüsusi çəkisi son bir ayda 0,6 faiz bəndi, ilin əvvəlindən 2,8 faiz bəndi, keçən ilin analoji dövrünə nisbətən isə 2,6 faiz bəndi artaraq 8,5%-ə çatıb.

Milli valyutada verilən qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 15,8%-ə çatıb. Bir ay əvvəl bu göstərici 14,8%, ilin əvvəlində 12,1%, keçən ilin analoji dövründə isə 13,5% olub.

Manatla uzunmüddətli kreditlərin strukturunda problemli kreditlərin payı sentyabrın 1-nə 6,4%, ilin əvvəlində 4,2%, keçən ilin oktyabrın 1-nə 4,2% olub və bu ilin oktyabrın 1-nə 6,9%-ə yüksəlib.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi oktyabrın 1-nə 442,8 mln. manat təşkil edib. Bu, sentyabrın 1-nə olan eyniadlı göstəricidən 15,8 mln. manat və ya 3,7%, ilin əvvəli ilə müqayisədə 234 mln. manat və ya 112%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 236,8 mln. manat və ya 115% çoxdur.

Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi oktyabrın 1-nə 5,2% təşkil edib. Keçən ay bu rəqəm 4,9%, ilin əvvəlində 4,1%, keçən ilin analoji dövründə isə 4,4% olub.

Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi oktyabrın 1-nə 7,6% olub. Qeyd edək ki, keçən ay bu göstərici 7,7%, ilin əvvəlində 6,3%, keçən ilin analoji dövründə isə 8,2% təşkil edib.

Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı oktyabrın 1-nə 4,4%, sentyabrın 1-nə 3,9%, cari ilin əvvəlində 3,3%, 2014-cü ilin oktyabrın 1-nə isə 3,1% olub.

Qeyd edək ki, məcmu kreditlərdə azalma səbəbindən vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi artıb. AMB-dən verilən rəsmi açıqlamada məcmu kreditlərdəki azalma Azərbaycan Beynəlxalq Bankında (ABB) aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır. "Report"un analitik qrupu hesab edir ki, bu restrukturizasiya əsasən ümidsiz kreditlərin ABB-nin balansından silinməsi ilə əlaqədardır. Yəni, qarşıdakı dövrdə problemli kreditlərin xüsusi çəkisinin azalması proqnozlaşdırılmır.

Son xəbərlər

Orphus sistemi