Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) dünyanın ən məşhur futbol klublarından - İtaliyanın “Yuventus” klubu ilə əməkdaşlığa başlayır. "Report"un Banka istinadən verdiyi xəbərə görə, İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk növbədə, “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” futbol klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.
"Yuventus" klubu ilə əməkdaşlıq ABB-nin məhsul və xidmətlərinin beynəlxalq çevrədə təbliği baxımından da geniş imkanlar açır. Belə ki, bu əməkdaşlıq çərçivəsində Bank reklam və təbliğat məqsədilə “Yuventus” brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək", - deyə Bankdan qeyd olunub.
Məlumatda deyilir ki, ABB Azərbaycan idmanının inkişafına dəstək layihələrini bundan sonra da davam etdirməkdə qərarlıdır.