Bakı. 8 iyun. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə bu il üçün iqtisadi artım proqnozunu əvvəlki 0,6%-dən 1,8%-dək artırması ilk növbədə "Şahdəniz" perspektiv strukturunun işlənməsi layihəsinə yatırılan sərmayələrlə bağlıdır.
"Report"un verdiyi xəbərə görə, bu barədə BVF-nin Azərbaycan üzrə rəhbəri Raca Almarzoqi (Raca Almarzoquie) məlumat verib: "İlin əvvəlində Azərbaycanda 2015-ci ildə iqtisadi inkişafın 0,6% olacağını düşünürdük. Lakin sonra ölkəyə gəldik, sənədlərlə tanış olduq və bu rəqəmi 1,8%-ə qaldırdıq. Hesab edirəm ki, artım "Şahdəniz" layihəsinə olan yatırımlar hesabına olacaq".
"Report"un 2015-ci ildə ÜDM istehsalının hansı həcmdə olacağı ilə bağlı sualına Fond rəsmisi bunun 66 mlrd. manat təşkil edəcəyini deyib: "Düşünürük ki, bu il Azərbaycanda ÜDM 66 mlrd. manat, gələn il isə 68 mlrd. manat olacaq. 2016-cı ildə qeyri-neft sektoru 4,5%, ümumi iqtisadiyyat isə 2,8% artacaq".
"Report"un yeni devalvasiya gözləntiləri ilə bağlı sualına cavabında isə R.Almarzoqi deyib ki, BVF növbəti devalvasiya gözləmir: "Neftin qiyməti 50 dollardan aşağı düşsə belə, devalvasiya gözlənilmir".
BVF təmsilçisi həmçinin Azərbaycan Beynəlxalq Bankının Azərbaycan iqtisadiyyatı üçün ciddi risk olduğunu bildirib.