​Azərbaycan avarçəkənləri Rio-2016-ya lisenziya verən dünya çempionatında mübarizəyə başlayır

​Azərbaycan avarçəkənləri Rio-2016-ya lisenziya verən dünya çempionatında mübarizəyə başlayır Azərbaycanı ümumilikdə 4 avarçəkən təmsil edir
Komanda
30 Avqust , 2015 18:12
​Azərbaycan avarçəkənləri Rio-2016-ya lisenziya verən dünya çempionatında mübarizəyə başlayır

Bakı. 30 Avqust. REPORT.AZ/ Fransanın Eqebelet əyalətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xarakterli akademik avarçəkmə üzrə dünya çempionatı start götürüb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından "Report"a verilən məlumata görə, nüfuzlu reqataya 77 ölkədən rekord sayda - 1300 idmançı qatılıb. Onlardan 129-u olimpiadaya, 24-ü isə paralimpiadaya vəsiqə qazanacaqlar.

Azərbaycanı ümumilikdə 4 avarçəkən təmsil edir. Yay Olimpiya Oyunlarına lisenziya uğrunda 14 qayıq tipində mübarizə gedəcək. Ölkəmiz bunlardan yalnız 1-də təmsil olunacaq. 2 nəfərlik qoşaavarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti çıxış edəcək. Hər iki avarçəkən həm fərdi, həm də qoşa mübarizədə bir sıra uğurlara imza atıb. Aleksandrov yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının finalçısı olub. Yotov isə 2014-cü il Yeniyetmələrin Nankin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, Azərbaycanın akademik avarçəkmə növündə ilk olimpiya medalçısı sayılır.

İndi isə Aleksandrov - Yotov dueti 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə Rio-2016-ya lisenziya qazanmaqdan ötrü yekun sıralamada 29 cütlük arasında ilk "11-liy"ə düşməlidir. Bunun üçün isə ən azı yarımfinaladək irəliləmək və B finalında ilk "5-liy"ə düşmək lazımdır.

Azərbaycan dueti mübarizəyə avqustun 31-də Bakı vaxtı ilə saat 15:20-də qoşulacaq. Seçmə yürüşdə rəqiblər Sten-Erik Andersen-Kaur Kuslap (Estoniya), Georgi Bojilov - Kristian Vasilyev (Bolqarıstan), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Hüqo Buşeron - Matyö Androdias (Fransa) və Ceyms Makray - Aleksandr Belonoqov (Avstraliya) cütlükləri olacaq. İlk 4 yeri tutanlar 1/4 finala, qalanları təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

Dünya çempionatında ölkəmiz ilk dəfə paralimpiyaçı akademik avarçəkənlərin mübarizəsində də təmsil olunur. 1 nəfərlik qayıqla (ASM1X) yürüşlərə Asif Qasımov qatılacaq. Onun da iştirakı ilə seçmə mərhələ yürüşü avqustun 31-də saat 19:10-a təsadüf edəcək. Qasımovun rəqibləri Auqustas Naviçkas (Litva), Aleksandr van Holk (Hollandiya), Kerol Doherti (İrlandiya), Erik Horri (Avstraliya) və Fabritsio Kaselli (İtaliya) olacaq. Yürüşün qalibi yarımfinala, qalanları təsəlli yürüşünə çıxacaqlar.

Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə isə ölkəmizi Cavid Əfəndiyev təmsil edir. 25 yaşlı avarçəkən bu gün seçmə yürüşdə çıxış edib. O, finişə 7 dəqiqə 29,190 saniyəyə çataraq, 6-cı yeri tutub. Nəticədə o, yaponiyalı Suda Takahiro (7:04.61) və bolqarıstanlı Georgi Bojilovla (7:17.76) birgə sabah keçiriləcək təsəlli yürüşünə vəsiqə qazanıb. Yeni zelandiyalı Adam Linq (7:00.71), ABŞ təmsilçisi Nikolas Troyan (7:03.86) və perulu Rentso Leon Qarsia (7:04.31) ilk 3 yerin sahibləri kimi birbaşa 1/4 finala yüksəlib.

Dünya çempionatına sentyabrın 6-da yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi