Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqında (ITU) olduqca aktivdir və fəaliyyəti təqdirə layiqdir.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Nataliya Moçu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.
Bölgələr üzrə internetdən istifadənin həcminə toxunan regional direktor qeyd edib ki, MDB regionunda əhalinin 89 %-i internetdən istifadə edir: “Biz şəhərlə kənd arasındakı internet istifadəsi ilə bağlı fərqdən danışarkən MDB regionunda kifayət qədər yüksək rəqəmlərin şahidi oluruq. Kənd yerlərində internetə çıxışda hələ də müəyyən boşluqlar var. Bundan əlavə MDB regionunda kişilərin 90 %-i və qadınların 88 %-i internetdən istifadə edir. Hətta regionumuzun bir sıra ölkələrində qadın internet istifadəçilərinin sayı kişilərdən çoxdur”.
O bildirib ki, etibarlı datanın toplanması da olduqca vacibdir: “Azərbaycan və regionun digər ölkələri etibarlı datanın toplanması baxımından mühüm işlər görür. Etibarlı data rəqəmsal sektoru inkişaf etdirmək və üzv dövlətlərə kömək etmək üçün istifadə etdiyimiz alətdir. ITU üzv dövlətləri və tənzimləyiciləri qərar qəbul edərkən bu məlumatlardan düzgün istifadə etməlidirlər”.