Taleh Ziyadov: "Bakı limanında azad ticarət zonasının yaradılması xarici sərmayələrin axınına səbəb olacaq"

Taleh Ziyadov: "Bakı limanında azad ticarət zonasının yaradılması xarici sərmayələrin axınına səbəb olacaq" Bakı limanının baş direktoru Vaşinqtonda Azərbaycanın bu sahədəki imkanlarından danışıb
İnfrastruktur
29 Aprel , 2016 09:43
Taleh Ziyadov: Bakı limanında azad ticarət zonasının yaradılması xarici sərmayələrin axınına səbəb olacaq

Bakı. 29 aprel. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC aprelin 28-29-da Vaşinqtonda (ABŞ) keçirilən “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı forumda iştirak edib. Bakı Limanından "Report"a bildirilib ki, forum Azərbaycanın ABŞ-dakı səfirliyi, Gürcüstan, Qazaxıstan, Türkiyə səfirlikləri və ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Təhsil Proqramı tərəfindən təşkil edilib. Forumun məqsədi Trans-Xəzər ticarət və tranzit marşrutu boyunca mövcud layihələr və biznes imkanları barədə məlumatlılığı artırmaq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionlarının Çin və Avropa arasında starteji əhəmiyyətli mühüm dəhliz olduğunu vurğulamaq olub.

“Dənizdən dənizə: inteqrasiya edilmiş regional tranzit və logistika infrastrukturu” adlı paneldə çıxış edən Bakı Limanının baş direktoru Taleh Ziyadov təsis edilməsi planlaşdırılan azad ticarət zonası (ATZ) haqqında forum iştirakçılarına ətraflı məlumat verib. Baş direktor ATZ-nin yaradılması ilə Yeni Bakı Limanı (Ələt terminalı) ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulacağı, neft-kimya və əczaşılıq klasterlərinin yaradılacağı, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçiriləcəyini bildirib. T. Ziyadov ATZ-nin yaradılmasını şərtləndirən xüsusi hüquqi rejimin tətbiqi nəticəsində qısa müddətdə Bakı Limanına xarici investisiyalərın cəlb olunacağını da qeyd edib. T. Ziyadov tədbirə dəvət edilmiş ABŞ şirkətlərini fəaliyyətə başlayacaq Azad Ticarət Zonasına sərmayə yatırmağa və daimi nümayindəliklər açmağa dəvət edib.

Paneldə eyni zamanda Xəzər dənizi ilə Aralıq və Qara dənizləri birləşdirən inteqrasiya edilmiş regional tranzit və logistika infrastrukturunun perspektivlərindən söz açılıb və beynəlxalq biznesin regionun tranzit və logistika mərkəzi – “hub” kimi üstünlüyündən istifadə etmək imkanları vurğulanıb. 

Qeyd edək ki, paneldə Bakı Limanı ilə yanaşı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Gürcüstan Dəmir Yolları" SC, Qazaxıstanın "KZT Express" şirkəti, o cümlədən Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri də çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi