Bakı. 4 avqust. REPORT.AZ/ Ələt-Astara avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərindən yeni körpünün tikintisi işləri yekunlaşmaq üzrədir.
Tikinti işləri çərçivəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa, 8x5 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib.
Ümumilikdə, indiyə qədər yerinə yetirilmiş fiziki işlərin həcmi 96%-dir. Artıq yeni körpüdə son tamamlanma işləri aparılır. Hazırda körpüdə asfalt-beton örtüyünün son aşınma qatının döşənməsi, tağın rənglənməsi və təhlükəsizlik məhəccərlərinin düzülməsi işləri aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.