​Gəncədə 119 binanın daxili su şəbəkəsi yenidən qurulub

​Gəncədə 119 binanın daxili su şəbəkəsi yenidən qurulub Bu binalarda 7 minə yaxın smart-sayğac quraşdırılıb
İnfrastruktur
4 Mart , 2016 19:35
​Gəncədə 119 binanın daxili su şəbəkəsi yenidən qurulub

Bakı. 4 mart. REPORT.AZ/ “Azərsu” ASC Azərbaycan və Almaniya İnkişaf Bankının (KFW) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi sürətləndirib.

“Azərsu”nun mətbuat xidmətindən “Report”a bildirilib ki, şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir. Layihə çərçivəsində 2035-ci ilədək perspektiv inkişafı nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılacaq. Gəncəni içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanılıb. Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılıb, Gəncədə həcmi 4 000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilib.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Bu mərhələ çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12 000 kubmetr olan 3 ədəd anbar və 6,9 km uzunluğunda anbarlararası xətt inşa edilib.

Şəhərin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr layihələndirilən sutəmizləyici qurğudan təmin ediləcək. Bu məqsədlə 27,5 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb. Gəncənin içməli su və kanalizasiya şəbəkələrinin tikinti işləri mərhələli şəkildə həyata keçirilir. Bu günə qədər 855 km paylayıcı su xəttinin 87 km-lik, 813 km kanalizasiya şəbəkəsinin isə 74 km-lik hissəsi çəkilib. Şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın smart sayğac quraşdırılıb.

Layihənin növbəti mərhələsində şəhərin su təchizatı və kanalizasiya şəbəkələrinin bir hissəsinin eləcə də, kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Bu mərhələdə 15 km magistral, 136 km şəbəkə su xətləri çəkiləcək, tutumu 5 000 kubmetr olan su anbarı inşa ediləcək. Eyni zamanda şəhərin kanalizasiya sistemlərinin bir hissəsi də yenidən qurulacaq. Bu mərhələ çərçivəsində 108 km uzunluğunda kanalizasiya şəbəkəsi, 44 km uzunluğunda kanalizasiya kollektoru tikiləcək. Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində Gəncə şəhəri ilə yanaşı, Şəkinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi