Elmar Məmmədyarov: "Azərbaycan nəqliyyatın davamlılığı üçün transregional bağlantının daha da gücləndirilməsində maraqlıdır"

Elmar Məmmədyarov: "Azərbaycan nəqliyyatın davamlılığı üçün transregional bağlantının daha da gücləndirilməsində maraqlıdır" Bakı-Tbilisi-Qars dəmir yolu xətti region üçün strateji əhəmiyyətə malikdir
İnfrastruktur
22 Sentyabr , 2016 23:40
Elmar Məmmədyarov: Azərbaycan nəqliyyatın davamlılığı üçün transregional bağlantının daha da gücləndirilməsində maraqlıdır

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Azərbaycan nəqliyyatın davamlılığı üçün transregional bağlantının daha da gücləndirilməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarovun dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin “Davamlı inkişaf üzrə 2030 gündəliyi və Vyana Fəaliyyət Proqramının həyata keçirilməsində ardıcıllığın təmin olunması” mövzusunda illik 15-ci iclasında çıxışı zamanı deyib.

"Azərbaycan Davamlı İnkişaf Məqsədlərinə vaxtaşırı və səmərəli nail olunması və 2015-ci ildən sonrakı davamlı inkişaf gündəliyinin həyata keçirilməsi məqsədilə özünün “Azərbaycan 2020: gələcəyə baxış” adlı davamlı inkişaf strategiyası və ölkənin ənənəvi iqtisadiyyatdan daha çoxşaxəli, rəqabətə davamlı, möhkəm, həmçinin innovativ, texnoloji cəhətdən zəngin və elm tutumlu iqtisadiyyata rəvan keçidini təmin edəcək milli iqtisadiyyat və onun əsas sahələri üçün strateji yol xəritəsinin uğurla həyata keçirilməsini davam etdirir.

Bu xüsusda, Azərbaycan ölkənin davamlı inkişafı və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, həmçinin strateji bazarlara daxil olmasının təmin edilməsi məqsədilə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Vyana Fəaliyyət Proqramının həyata keçirilməsinə böyük önəm verir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadi böhran və neft qiymətlərinin kəskin aşağı düşməsi və qonşu Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizindən çox hissəsinin davam edən və bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən işğalına baxmayaraq, Azərbaycan ötən il öz inkişaf dinamikasını qoruyub saxlamağa nail olub.

"2015-ci ildə qeyri-neft sektorunun payı 8,4% artıb. 2015-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 20 milyard ABŞ dollarından çox olub və Azərbaycanın ticarət tərəfdaşlarının sayı ticarətin sadələşdirilməsi və tranzitlə əlaqədar tədbirlər üzrə uğurlu islahatlar, həmçinin nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları (İKT) və enerji infrastrukturunun inkişafı sayəsində 165-ə çatıb", - deyə E.Məmmədyarov qeyd edib.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini diqqətə çatdıran nazir ölkənin regionda bir çox strateji regionlararası nəqliyyat, İKT və enerji layihələrinin təşəbbüskarı və icraçısına çevrildiyini bildirib:

"Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya İnformasiya Super Magistralı və Trans Adriatik, Trans Anadolu və Cənubi Qafqaz boru xətlərindən ibarət Cənub Qaz Dəhlizi layihələrini qeyd etmək lazımdır. Özünün əlverişli geostrateji yerləşməsi, güclü tranzit potensialı və Avropa və Asiyanı birləşdirən iqtisadi cəhətdən səmərəli və ən qısa marşrut olduğuna görə, Azərbaycan çoxlu sayda əlverişli nəqliyyat imkanları vasitəsilə regionlararası və region daxili ticarətə və bütövlükdə Avrasiya regionunun davamlı inkişafına töhfə verməkdə davam edir".

XİN rəhbəri çıxışı zamanı bildirib ki, Azərbaycan nəqliyyatın davamlılığı üçün transregional bağlantının daha da gücləndirilməsində maraqlıdır:

"2017-ci ildə tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti region üçün strateji əhəmiyyətə malikdir və sərnişin və konteyner daşınması üçün rəqabətə davamlı keçidi təmin edəcək, Avrasiya üzrə multimodal nəqliyyatın həcmi, həmçinin Asiyadan Avropaya və əks istiqamətdə yük axınını artıracaq. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yaxın gələcəkdə daha çox yük axınının cəlb olunmasında maraqlıdır və bununla bağlı, 2016-cı ilin aprelində Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun təsis edilməsi üzrə razılığa gəliblər.

Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin əsas mərkəzi olaraq, malların Fars körfəzindən Rusiyaya və Qara dəniz vasitəsilə Avropaya tranzitini təmin edir. Biz həmçinin Şimal-Cənub dəhlizinin daha da inkişaf etdirilməsi məqsədi daşıyan müvafiq çoxtərəfli proseslərdə fəal iştirak edirik.

Regionda aparıcı ticarət və logistika mərkəzi olmağı hədəfləyən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə malların daşınmasında əsas rol oynayacaq, TRASEKA layihəsi çərçivəsində çox mühüm tranzit məntəqəsi kimi fəaliyyət göstərəcək və Asiya və Avropa arasında tranzit yük çatdırılmalarını həyata keçirmək qabiliyyətinə malik olaraq regionlararası və regiondaxili ticarətin genişlənməsinə gətirib çıxaracaq. Çindən başlayan və Xəzər dənizindən keçən bir çox beynəlxalq daşınmalar çatdırılma vaxtına və nəqliyyat xərclərinə qənaət edilməsi baxımından effektiv olduğunu sübut etmiş Limanın özü vasitəsilə həyata keçirilib".

O qeyd edib ki, 2015-ci ilin oktyabr ayında tranzit malların Azərbaycan ərazisindən dəmir yolu və dəniz nəqliyyatı, liman və dəniz terminalları vasitəsilə maneəsiz daşınmasını təmin etmək məqsədilə Tranzit Yükdaşımalar üzrə Milli Koordinasiya Şurası təsis edilib.

"Bundan əlavə, ölkədə yaradılması nəzərdə tutulan azad ticarət zonaları tipində xüsusi iqtisadi zonalar Azərbaycanın regional logistika və nəqliyyat qovşağı kimi ölkənin mövqeyini gücləndirmək və çoxşaxəli nəqliyyat infrastrukturu yaratmaq siyasətinin başqa bir elementini təmsil edir.

Azərbaycan xüsusilə genişzolaqlı qoşulma sistemi qurmağa, Avrasiya məkanında İT infrastrukturu və elektron ticarətin inkişafını təşviq etməyə kömək edəcək və BMT-nin rəqəmsal bölünmə təşəbbüsünün əlaqələndirilməsinə töhfə verəcək BMT Baş Məclisi tərəfindən dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi perspektivində regionda vacib İT tranzit qovşağı kimi çıxış edir.

Azərbaycan Cənubi Qafqaz regionu və kənarda enerji infrastrukturu layihələrində əsas qüvvə və investorlardan biri olmağa müvəffəq olmuşdur. Davamlı enerji layihələrinin təşəbbüskarı olmaqla və onları həyata keçirməklə Azərbaycan özünü etibarlı enerji təminatçısı və Asiya və Avropa arasında mühüm körpü kimi sübut edib. Hazırda, biz regional enerji təhlükəsizliyinə öz töhfəsini verməklə yanaşı digər enerji istehsalçıları üçün yeni imkanlar yaradacaq Cənub Qaz Dəhlizini həyata keçirən ölkəyik", - deyə E.Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan xüsusilə dövlət idarəçiliyi, gömrük və vergi sistemində vahid pəncərə, sosial-iqtisadi islahatlar kimi sahələrdə öz müvafiq təcrübəsini bölüşməyə hazırdır:

"Həmçinin digər dənizə çıxışı olmayan inkişaf etməkdə olan dövlətlərin davamlı inkişafla bağlı mövcud problemlərinə müraciət etməyi, elecə də Davamlı İnkişaf Məqsədlərinə cavab verməyi hədəf seçən trans-regional əlaqələrin daha da gücləndirilməsində onların maraq və əməkdaşlığına güvənir".

Son xəbərlər

Orphus sistemi