Bakı. 25 may. REPORT.AZ/ Bakıda Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir.
Artıq küçə boyu 8 200 paqon metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
Ərazidə kommunikasiya, xüsusən də su, qaz, işıq və rabitə xətlərinin çəkilişi ilə məşğul olan qurumlar da qazıntı işləri apararaq, yeni xətlərin çəkilişi işlərini həyata keçirir. İki böyük prospekti birləşdirən Ə.Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.
Qeyd edək ki, yenidənqurma işlərinin yaxın günlər ərzində tamamlanması planlaşdırılır.