Azərbaycan, Türkiyə və Türkmənistan Londondan Pekinədək uzanacaq nəqliyyat dəhlizi quracaqlar

Azərbaycan, Türkiyə və Türkmənistan Londondan Pekinədək uzanacaq nəqliyyat dəhlizi quracaqlar Bu məqsədlə tərəflər Türkmənistanda Aşqabad bəyannaməsini imzalayıblar
İnfrastruktur
5 Sentyabr , 2016 14:27
Azərbaycan, Türkiyə və Türkmənistan Londondan Pekinədək uzanacaq nəqliyyat dəhlizi quracaqlar

Bakı. 5 sentyabr.REPORT.AZ/ Azərbaycan, Türkiyə və Türkmənistan Londondan Pekinədək nəqliyyat dəhlizinin yaradılması məqsədilə Aşqabad bəyannaməsini imzalayıblar. "Report"un Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, xəbəri Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Ahmet Arslan yayıb.

Onun sözlərinə görə, sənəd Türkmənistanda üç ölkənin nəqliyyat nazirliklərinin nümayəndələrinin iştirakı ilə imzalanıb.

"Türkmənistanda mühüm görüşlərimiz oldu. Biz, həmçinin Londondan Pekinə birbaşa və mütəmadi nəqliyyat dəhlizinin yaradılması üçün Türkiyə, Azərbaycan və Türkmənistanın nəqliyyat nazirlərinin birinci toplantısı zamanı bu sənədi rəsmiləşdirdik. Azərbaycan tərəfindən sənədi nəqliyyat nazirinin müavini Arif Əsgərov və Türkmənistanın Avtomobil Nəqliyyatı naziri Maksat Aydoqdıyev imzaladı", - deyə o, bildirib.

Türkiyəli nazir, həmçinin Bakı-Tiflis-Qars dəmiryolu layihəsi, Mərmərə və dəmiryolu xətti üzərində Yavuz Sultan Selim körpüsü, üçüncü hava limanı kimi layihələrin beynəlxalq planlarla birlikdə, beynəlxalq nəqliyyat hədəflərini bütövləşdirməyi planlaşdırdıqlarını vurğulayıb: "Türkmənistanda imzaladığımız "Aşqabad bəyannaməsi" bu hədəfimizə bizi bir addım yaxınlaşdırdı".

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq Respublikalarının dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə Transxəzər Nəqliyyat Dəhlizi layihəsi reallaşdırılır. Layihə çərçivəsində Tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) rəqabət gücünün artırılmasına təkan verəcək. 

Son xəbərlər

Orphus sistemi