Azərbaycan dövlət əmlakının qorunması ilə bağlı hesabatların qəbulunu elektronlaşdırıb

Azərbaycan dövlət əmlakının qorunması ilə bağlı hesabatların qəbulunu elektronlaşdırıb Əmlak Məsələləri Dövlət Komitəsi bu prosesi sadələşdirib
İnfrastruktur
4 May , 2015 13:53
Azərbaycan dövlət əmlakının qorunması ilə bağlı hesabatların qəbulunu elektronlaşdırıb

Bakı. 4 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının qorunması və istifadə vəziyyəti ilə əlaqədar hesabatların qəbulu proseduralarını sadələşdirib və elektronlaşdırıb. ƏMDK-dan "Report"a veriən məlumata görə, Komitənin elektron xidmətlər portalında dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasının elektron qəbulu xidməti fəaliyyət göstərir. Bu xidmət dövlət müəssisə və qurumlarına xüsusi hesabat formalarını artıq elektron şəkildə təqdim etmək imkanı yaradıb. Bununla da, əvvəllər bu prosesə sərf olunan vaxta böyük qənaət olunub, belə hesabatları vermək üçün Komitənin ərazi şöbələrinə müraciət etməyə ehtiyac qalmayıb. 

ƏMDK-dan bildirilib ki, bu ilin I rübündə dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5 634 illik xüsusi hesabat qəbul edilib, bunun 4 250-si elektron formada təqdim olunub. Bu hesabatların innovativ yanaşmalar əsasında təhlili və ümumiləşdirilməsi həyata keçirilib.

Qeyd edək ki, Komitə tərəfindən ötən il dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı layihə icra olunub. Layihə xarici ekspertlərlə birgə hazırlanıb. Layihə dövlət əmlakı idarəçiliyi sahəsində mövcud vəziyyətin təhlili, daşınmaz əmlakın optimal istifadəsi, nəzarət və monitorinq məsələləri, yekun nəticələr və tövsiyələri ehtiva edir. Layihənin yekun hesabatında müvafiq beynəlxalq təcrübəyə dair materiallar da əlavə edilməklə, dövlət əmlakı idarəçiliyi üçün gələcək addımlar barədə tövsiyələr və Fəaliyyət Planı əksini tapıb. Bu tövsiyələr və Fəaliyyət Planı özündə idarəetmə modeli, İKT və insan resursları, nəzarət və yoxlama, hesabat vermə və kommunikasiya, sərmayə siyasəti, standartlar və yeni idarəetmə yanaşmaları kimi elementləri birləşdirir.

Dövlət əmlakından səmərəli istifadə olunması və qorunub saxlanılması ilə əlaqədar dövlət müəssisə və təşkilatlarında müasir üsullarla monitorinqlər keçirilir. Müəssisə və təşkilatların özəlləşmədən öncəki vəziyyəti, özəlləşmədən sonrakı fəaliyyəti, müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məlumatlar analiz edilir və ümumiləşdirilir. Bu məqsədlə, 2015-ci ilin I rübündə Bakı və regionlarda yerləşən nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərində ümumilikdə 431 monitorinq keçirilib. Bir sıra müəssisələrdə restrukturizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə onların maliyyə-təsərrüfat fəaliyyətinin araşdırılması işləri aparılıb. 2014-cü il üzrə səhmdar cəmiyyətlərində əsas vəsaitlərin inventarlaşdırılması işləri həyata keçirilib, 216 ASC-dən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib.

Dövlət mülkiyyətində olan torpaq sahələrindən əsassız istifadə hallarının müəyyən edilməsi, torpaq qanunvericiliyinə zidd istifadənin qarşısının alınması istiqamətində monitorinqlər aparılır. Belə hallar aşkar olunduqda müvafiq qanunvericiliyə əsasən addımların atılması təmin edilir. Dövlət əmlakından qeyri-qanuni istifadənin qarşısının alınması məqsədilə belə daşınmaz əmlaklara dair icarə müqaviləsinin bağlanması və ya özəlləşdirilməyə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Bununla da, istifadəsiz dövlət əmlakından icarə və ya özəlləşmə əsasında dövlət büdcəsinə daxilolmaların təmin edilməsi həyata keçirilir. Bundan əlavə, komitənin SMS xidmətləri vasitəsilə, hər ay dövlət əmlakını icarə əsasında istifadə edənlərə icarə haqqı borcu barədə SMS göndərilir. Eyni zamanda, icarəçilər icarə müqaviləsi kodunu 9193-ə SMS şəklində göndərməklə və ya komitənin elektron xidmətlər vasitəsilə də icarə borcu barədə məlumatı əldə edə bilirlər.

Daşınmaz dövlət əmlakı barədə alınmış hesabatların araşdırılması və dövlət əmlakı registrində olan məlumatların dəqiqləşdirilməsi işi davam etdirilir. Bu məqsədlə aprelin 1-nə 4 800-ə yaxın müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb. Bu ilin I rübü ərzində Dövlət Əmlakının Registrindən 815 ədəd çıxarış sənədi hazırlanaraq təqdim edilib. Dövlət Əmlakının Registrində toplanmış məlumatların Dünya Bankının dəstəyi ilə hazırlanan yeni informasiya sisteminə transferi məqsədi ilə hazırlıq işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi