Şəki teatrı mövsümü sentyabrın 20-də açacaq

Şəki teatrı mövsümü sentyabrın 20-də açacaq Sentyabrın 15-dən 24-dək Şəkidə "III Məkan" II Beynəlxalq Şəki Teatr Festivalı keçiriləcək
İncəsənət
23 Avqust , 2016 14:54
Şəki teatrı mövsümü sentyabrın 20-də açacaq

Bakı. 23 avqust. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni mövsümü sentyabrın 20-də açacaq.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Məlumata görə, sentyabrın 15-dən 24-dək Şəkidə "III Məkan" II Beynəlxalq Şəki Teatr Festivalı keçiriləcək. Şəki Dövlət Dram Teatrı Festivalda ev sahibi kimi çıxış edəcək: "Bu səbəbdən Şəki teatrı yeni mövsümü festival davam etdiyi dövrdə açacaq. Teatr sentyabrın 20-də tədbir iştirakçılarına, qonaqlara ötən mövsüm uğurla nümayiş etdirilən "Vaqif" dramını təqdim edəcək".

Qeyd edək ki, tamaşaya Şəki teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Mərdan Feyzullayev quruluş verib.

Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə Vaqif Aslan yazıb.

Səhnə əsərində Vaqif obrazını əməkdar artist Əbülfət Salahov, Qacar obrazını əməkdar artist Xanlar Həşimzadə ifa edir. Səhnə əsərində "Qarabağnamə"lərdən də istifadə edilib. Tamaşada maraqlı cəhətlərdən biri də, əsərdə heç bir qadın personajının olmamasıdır. Tamaşanın aktyor heyəti kişilərdən təşkil edilib.

Şəki teatrının kişi truppasının ifasında nümayiş etdiriləcək tamaşada Təlxək obrazını əməkdar artist İqrar Salamov canlandırıb.

Son xəbərlər

Orphus sistemi