Bakı. 7 iyun. RERORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlib.
"Report" xəbər verir ki, Şəki Teatrı iki gün müddətində Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində "Vaqif" dramını nümayiş etdirəcək.
Səhnə əsəri Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında hazırlanıb. Yeni tamaşaya Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Mərdan Feyzullayev quruluş verib.
Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə Vaqif Aslan yazıb.
Səhnə əsərində Vaqif obrazını əməkdar artist Əbülfət Salahov, Qacar obrazını əməkdar artist Xanlar Həşimzadə ifa edir.
Tamaşanın maraqlı cəhətlərindən biri əsərdə heç bir qadın personajının olmamasıdır.
Qeyd edək ki, Şəki Teatrının kişi truppasının ifasında nümayiş etdirilən tamaşada Təlxək obrazını əməkdar artist İqrar Salamov canlandırır.