Qazaxıstanda Üzeyir bəy Hacıbəyliyə həsr olunan müsiqi əsəri bəstələnib

Qazaxıstanda Üzeyir bəy Hacıbəyliyə həsr olunan müsiqi əsəri bəstələnib Əsər artıq hazırdır və yaxın vaxtlarda muzeyə təqdim olunacaq
İncəsənət
11 İyul , 2015 15:04
Qazaxıstanda Üzeyir bəy Hacıbəyliyə həsr olunan müsiqi əsəri bəstələnib

Bakı. 11 iyul. REPORT.AZ/ Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kıdırbek dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə "Türk akademik musiqisinin babası" adlı əsər bəstələyib. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, Üzeyir bəy Hacıbəylinin ev-muzeyi ilə Qazaxıstanın Bəstəkarlar İttifaqı və Milli Filarmoniyası arasında əməkdaşlıq əlaqələri davam edir.

Muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov qarşılıqlı əməkdaşlıq nəticəsində bir neçə simfonik musiqi əsərlərinin yazıldığı haqqında məlumat verib. Belə ki, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kıdırbek Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin dövlət səviyyəsində keçiriləcək 130 illik yubileyi münasibətilə möhtəşəm əsər bəstələyib.

"Türk akademik musiqisinin babası" adlanan bu əsər artıq hazırdır və yaxın vaxtlarda muzeyə təqdim olunacaq. Bir hissədən ibarət olan əsər orijinallığı ilə seçilir. Dahi bəstəkarın xatirəsinə həsr olunan əsərin 130 illik yubileyinə həsr edilən festival çərçivəsində səslənəcəyi gözlənilir.

Qeyd edək ki, Qazaxıstan Milli Filarmoniyası mövsümə Sərdar Fərəcovun "Koroğlu simfonik freskası" əsəri ilə yekun vurub.

Son xəbərlər

Orphus sistemi