Bakı. 14 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Telman Əliyev işdən çıxarılıb.
Bu barədə "Report"a Telman Əliyev özü məlumat verib. Aktyor işdən çıxarılmasının səbəbini bir müddət əvvəl mətbuatda Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov haqqında yayımlanan tənqidi müsahibəsi ilə əlaqələndirib.
"Ştatı o qədər əlavə aktyorlarla yüklədilər ki, axırda bizlərə yer qalmadı. Bizimlə müqavilə bağlamışdılar. İndi də bəhanə edirlər ki, müqavilənin vaxtı bitib, əlavə pulumuz yoxdur. Bunların hamısı teatr rəhbərliyinin bəhanəsidir", - deyə T.Əliyev vurğulayıb.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov isə "Report"a bildirib ki, deyilənlər heç də doğru deyil: "İşdən qovulma, çıxarılma söhbətləri həqiqətə uyğun deyil. Telman Əliyev bizim teatrda müqavilə ilə çalışırdı. Müqaviləsinin müddəti bitir. Telman Əliyev teatrın repertuarında olan əksər tamaşalarda əsas rolları ifa edir. Bu səbəbdən onunla yenidən müqavilə bağlana bilər. Yəni gəlib ifa etdiyi obrazları oynayacaq. Dünya teatrlarının əksəriyyəti müqavilə sistemi ilə çalışır. Aktyorla müqavilə bağlanır və aktyor hər çıxışı üçün teatrdan qonorar alır".