Kazan festivalında Azərbaycanın iki filmi nümayiş etdiriləcək

Kazan festivalında Azərbaycanın iki filmi nümayiş etdiriləcək Tatarıstanın Kazan şəhərində XI Kazan beynəlxalq müsəlman kinosu festivalı başlayır
İncəsənət
4 Sentyabr , 2015 18:03
Kazan festivalında Azərbaycanın iki filmi nümayiş etdiriləcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Tatarıstanın Kazan şəhərində XI Kazan beynəlxalq müsəlman kinosu festivalı başlayır.

"Report" xəbər verir ki, sentyabrın 5-dən 11-dək davam edəcək festival "Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi altında keçirilir.

Festivalın proqramına 25 ölkədən bədii, sənədli və animasiya filmləri olmaqla ümumilikdə 50 ekran əsəri daxil edilib. Azərbaycanı festivalda "Bakı sübhdən günbatanadək" sənədli ("Tammetrajlı sənədli filmlər" kateqoriyası) və "Köhnə saat" cizgi ("Animasiya filmləri" kateqoriyası) filmləri təmsil edir.

"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik 18 süjet çəkilib və bu filmlərdən 50 dəqiqəlik tammetrajlı sənədli film ərsəyə gəlib.

Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır. "Azanfilm"in "Birlik" yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.

Son xəbərlər

Orphus sistemi